Azərbaycanda meşələrdə istirahət zonalarının salınması


Digərləri 18 Sen 2018 06:47:00 285 0

Azərbaycanda meşələrdə istirahət zonalarının salınması

Azərbaycanda son illər ərzində həşəratlar sinfinin dünyada ən geniş yayılmış çoxsaylı qruplarından biri olan kəpənəklərin sayı azalıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun "Quru onurğasızları" laboratoriyasının kiçik elmi işçisi Nigar Yusifova bildirib.

N.Yusifovanın sözlərinə görə, hazırkı dövrdə kəpənəklərin azalmasına təsir göstərən əsas səbəblərdən biri onların öz təbii yaşayış mühitini itirməsidir:

"Ətraf mühitdə baş verən dəyişikliklərə son dərəcə həssas orqanizmlər olan kəpənəklərin öz təbii yaşayış mühitini itirməsinin başlıca səbəbi respublikamızın bölgələrinin meşə və açıqlıq ərazilərində istirahət zonalarının salınması nəticəsində ərazinin antropogen təsirə məruz qalmasıdır. Digər tərəfdən, otlaq və çəmənlik ərazilərdə müxtəlif kənd təsərrüfatı əhəmiyyətli iri və xırdabuynuzlu heyvanların otarılması, çəmənlik ərazilərin əkin üçün istifadə edilməsi həmin ərazidə bitki örtüyünün zəifləməsinə gətirib çıxarır. Nəticədə kəpənəklərin nəsil artırması və qidalanması üçün xarakterik olan bitkilər məhv olur və bu da öz növbəsində onların sayına öz mənfi təsirini göstərir".

O əlavə edib ki, yerli və xarici həvəskar kolleksiyaçılar tərəfindən iriölçülü nadir rast gəlinən növlərin tutulması da kəpənəklərin sayının azalmasına səbəb olan amillərdəndir.

Elmi işçi qeyd edib ki, hazırda Azərbaycan faunasında gündüz kəpənəklərinin 248 növ və 42 yarımnövünə rast gəlinir: "Faunamızda rast gəlinən kəpənəklərin 16 növü və 2 yarımnövü Azərbaycanın "Qırmızı Kitab"ının II nəşrinə (2013) daxil edilib. Bu növlərdən biri - "Parnassius apollo" dünya üzrə həssas növ kateqoriyası altında Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin Qırmızı Siyahısına salınıb. Faunamızda elə xarakter növləri qeyd edə bilərik ki, onlara dünyanın heç bir yerində rast gəlinmir. Məsələn, "Brahmaea christophi" adlanan subendem növ yalnız respublikamızın cənub regionunda yayılıb. Son illərdə faunamızda nadir rast gəlinən növlərdən "Apatura iris", "Nymphalis antiopa", "Danaus chrysippus" və "Argynnis alexandra"nı qeyd edə bilərik. "Apatura iris", "Nymphalis antiopa", "Danaus chrysippus" növlərinə Böyük və Kiçik Qafqaz dağlarının, "Argynnis alexandra" növünə isə Talış dağlarının 1500-2500 m yüksəkliklərində rast gəlinir".