Bakının azad olunmasının 100 illiyi ilə bağlı beynəlxalq simpozium öz işini başa çatdırıb


Digərləri 14 Sen 2018 23:38:26 282 0

Bakının azad olunmasının 100 illiyi ilə bağlı beynəlxalq simpozium öz işini başa çatdırıb

Bakıda "Birinci Dünya müharibəsi dövründə Osmanlı dövləti - Azərbaycan əlaqələri və Qafqaz İslam Ordusu" mövzusunda beynəlxalq simpozium öz işini başa çatdırıb.

Son.az bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutundan Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" və "2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında" sərəncamlarına əsasən keçirilən simpozium Azərbaycanın Milli Ordusunun Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-bolşevik işğalından azad etmələrinin 100 illiyinə həsr edilib.

Simpoziumun bağlanış mərasimində AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov və Türkiyənin Atatürk Araşdırma Mərkəzinin (ATAM) sədri Mehmet Ali Beyhan çıxış ediblər.

Y.Mahmudov ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" sözlərini xatırladaraq, Azərbaycan-Türkiyə qardaşlığından danışıb: "Azərbaycan və Türkiyə ən ağır dönəmlərində bir-birlərinə dəstək olmuşlar. 1915-ci ildə Çanaqqalada azərbaycanlılar, 1918-ci ildə isə Azərbaycanda türklər birlikdə savaşmışlar".

Tarixçi alim bildirib ki, Bakının erməni-bolşevik işğalından azad edilməsi Azərbaycan tarixində həyati əhəmiyyətə malik bir hadisədir: "Qafqaz İslam Ordusunun hərbi uğurlarında Azərbaycan xalqı, könüllü xalq dəstələri, o cümlədən Əliağa Şıxlinski, Həbib bəy Səlimov və başqaları fəal iştirak edib. "Azərbaycan Xalq Cümhuriyyəti İli" çərçivəsində Qafqaz İslam Ordusunun fəaliyyəti ilə əlaqədar Azərbaycan və türk xalqlarının qəlbində artıq qardaşlıq abidəsi ucaldılıb. Real həyatda ucaldılacaq abidə də buna müvafiq olmalıdır. Qardaşlıq abidələrində Azərbaycan və Türkiyənin dövlət bayraqlarının birlikdə dalğalanması hər iki tərəfin ürəyindən olardı".