Energetik içkilərə vergi tətbiq ediləcək?


Digərləri 14 Sen 2018 17:18:00 257 0

Energetik içkilərə vergi tətbiq ediləcək?

Əksər energetik içkilər sağlamlıq üçün ciddi təhlükə mənbəyidir.

Mütəxəssislərin fikrincə, bu yolla həm əhalinin sağlamlığını qorumaq, həm də büdcəyə əlavə vəsaitin cəlb edilməsinə nail olmaq mümkündür.

Son illər Azərbaycanda xüsusilə gənclər arasında energetik içkilərə maraq artıb. Hər addımbaşı rast gəldiyimiz supermarketlərdə yaş məhdudiyyəti olmadan bu içkiləri əldə etmək mümkündür. İnsan orqanizmi üçün zərərli olan  bu məhsulun satışına hər hansı qadağanın olmaması isə onu daha da əlçatan edib.

Son.az "Vergilər" qəzetiinə istinadən xəbər verir ki, artıq bəzi ölkələrdə energetik içkilərin satışına qadağalar qoyulub və ya məhdudiyyətlər tətbiq edilib. Məsələn, 2010-cu ildə ABŞ-da kofein tərkibli spirtli enerji içkiləri tamamilə satışdan çıxarılıb. Elə həmin il Litvada energetik içkilərin yetkinlik yaşına çatmayanlara satışına qadağa qoyulub. 2015-ci ildə Rusiyanın Moskva vilayətində də eyni məhdudiyyətlər tətbiq olunub. Türkiyə, Danimarka, Norveç, Uruqvay, İslandiya, eləcə də ABŞ-nın Vaşinqton, Yuta, Oklaxoma, Miçiqan kimi ştatlarında da bu cür qadağalar mövcuddur.

Hazırda Finlandiyada energetik içkilərə vergi tətbiqi barədə düşünürlər. Uşaqların hüquqları üzrə ambudsman və ölkə parlamentinin bir qrup deputatı bu içkiləri "zərərli məhsullara vergi tətbiqi" siyahısına salmaq tələbi ilə çıxış ediblər. Artıq gələn ilin dövlət büdcəsinə bununla bağlı xüsusi aksiz vergisi əlavə oluna bilər.

Bu ilin aprel ayının 6-dan etibarən Almaniyada "şəkər vergisi" tətbiq edilir. Bu yığım barədə müzakirələrə iki il əvvəl başlanmışdı və o vaxtdan bəri ölkədə şirin içkilərin tərkibində işlədilən şəkərin miqdarı 45 milyon kiloqram azaldılıb. Qida istehsalçıları öz məhsullarının reseptinə yenidən baxaraq vergi tutulan həddi aşmamaq üçün müvafiq addımlar atıblar.

İngiltərə ictimaiyyətində "şəkər vergisi" adlandırılan qanuna əsasən, 100 millilitr içkinin tərkibindəki şəkər 5 qramı aşsa, litrbaşına 18 pens vergi tutulur. 100 millilitr içkidə istifadə edilən şəkər miqdarının 8 qramı aşması isə litrbaşına 24 pens həcmində vergi alınmasına səbəb olur.