Bölgələrdə inşa olunan xalça istehsalı emalatxanalarının və tədarük məntəqələrinin tikintisinə baxış olub


Digərləri 14 Sen 2018 16:35:00 308 0

Bölgələrdə inşa olunan xalça istehsalı emalatxanalarının və tədarük məntəqələrinin tikintisinə baxış olub

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin bu il fəaliyyətə başlaması nəzərdə tutulmuş filiallarının binalarında tikinti-quruculuq işləri sürətləndirilir.

Bakı. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin bu il fəaliyyətə başlaması nəzərdə tutulmuş filiallarının binalarında tikinti-quruculuq işləri sürətləndirilir. Cəmiyyətdən Trend-ə verilən məlumata görə, hazırda Bakı şəhərinin Nardaran qəsəbəsində, Naxçıvan şəhərində, Abşeron, Qobustan, Şabran, Kürdəmir, Goranboy, Tərtər rayonlarında, Biləsuvar rayonunda Cəbrayıl rayonundan məcburi köçkün düşmüş insanların məskunlaşdığı ərazidə xalça istehsalı emalatxanaları tikilir. Lənkəran şəhərində inşa edilmiş xalça istehsalı emalatxanası isə istifadəyə hazırdır. Bundan başqa, xalça fabriklərinin xammalla təchizatı üçün regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri yaradılır. Sentyabrın 13-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov Abşeron, Qobustan, Şabran və Kürdəmir rayonlarında inşa olunan xalça istehsalı emalatxanası binalarında tikinti işlərinin gedişi ilə maraqlanıb. Abşeron rayonunun Qobu qəsəbəsində tikilən xalça istehsalı emalatxanasına baxış zamanı məlumat verilib ki, binada hörgü işləri, hasarın tikintisi başa çatdırılıb. Hazırda binanın kommunikasiya xətləri çəkilir. Yaxın günlərdə ərazidə abadlıq işlərinə başlanılacaqdır. Baxış zamanı tikinti işlərinin sürətləndirilməsi, keyfiyyətə ciddi diqqət yetirilməsi barədə tapşırıqlar verilib. Qobustan şəhərində inşa olunan emalatxana binası ilə tanışlıq zamanı məlumat verilib ki, binada əsas tikinti işləri başa çatdırılıb, dam örtüyü vurulub. Hazırda kommunikasiya xətləri çəkilir, havalandırma sistemi quraşdırılır. Ölkəmizdə yaradılan 5 regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsindən biri Qobustanda fəaliyyət göstərəcək. Qobustan, Şamaxı, İsmayıllı, Ağsu, Göyçay, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən, Ağdaş, Zərdab rayonlarının və Şəki şəhərinin sakinləri istehsal etdikləri yunu və topladıqları boyaq bitkilərini buradakı tədarük məntəqəsinə verəcəklər. Tədarük məntəqəsində tikinti işləri sürətlə davam etdirilir. İdarə Heyətinin sədri Qobustan rayonunun iqlim şərtləri nəzərə alınaraq, ərazidə abadlıq işlərinin qısa zamanda başa çatdırılmasının zəruriliyini bildirib.