Oğrunu oğurlayanlar məhkəmə qarşısında


Digərləri 14 Sen 2018 15:13:00 211 0

Oğrunu oğurlayanlar məhkəmə qarşısında

Adam oğurluğunda təqsirli bilinən Zamiq Xasıyev, Aqil Şəmiyev və Ruslan Əliyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Son.az oxu.az-a istinadla bildirir ki, Sumqayıt Apellyasiya Məhkəməsində hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü Zamiq Xasıyevə aid hissədə dəyişdirilib. Onun cəzası 12 ildən 10 ilə endirilib. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ruslan Əliyev 14 il 6 ay, Zamiq Xasıyev və Aqil Şəmiyev hər biri 12 il müddətinə olmaqla, azadlıqdan məhrum ediliblər.

İttihama görə, Abşeron rayon Qobu qəsəbə sakini, 28 yaşlı Ramil İmaməliyev əvvəllər işlədiyi "Karat MMC"dən oğurluq etmək fikrinə düşüb.

Ramil şirkətin ofisindəki seyfdə külli miqdarda pul olduğunu qabaqcadan bilib. 2014-cü il aprelin 11-də gecə saatlarında ofisin binasına gələn Ramil İmaməliyev dam örtüyünü sökərək, içəri daxil olub.

Ramil İmaməliyev ofisdəki seyfin qapısını sındıraraq bir milyon manat pulu idman çantasına doldurub və aradan çıxıb. Oğurluq pulları Qobu qəsəbəsində yaşadığı evə gətirən Ramil İmaməliyev bu barədə qardaşı Ramiz İmaməliyev və anası Ceyran İmaməliyevaya məlumat verib. Onlar pulun əsas hissəsini evin müxtəlif yerlərində gizlədiblər.

Ramil İmaməliyev isə pulun bir hissəsini özü ilə götürərək "İnfiniti" markalı, 90 HZ 200 dövlət nömrə nişanlı avtomobil alıb.

Saxlanılarkən maşının yük yerindən beş min manat, Qobu qəsəbəsindəki evdən isə 31 min 338 manat pul aşkarlanaraq götürülüb.

Ramil İmaməliyevin oğurladığı pulların, demək olar ki, yarısını bir qrup şəxs hədə-qorxu gələrək onun əlindən zorla alıb. Onlar özlərini polis əməkdaşı kimi təqdim ediblər.