Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının Sosial siyasət üzrə missiyası ilə görüş olub (FOTO)


Digərləri 14 Sen 2018 14:42:00 237 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının Sosial siyasət üzrə missiyası ilə görüş olub (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının Sosial siyasət üzrə missiyası ilə görüş keçirilib.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının Sosial siyasət üzrə missiyası ilə görüş keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşün keçirilməsində məqsəd nazirlik ilə Dünya Bankı arasında potensial əməkdaşlığı müzakirə etmək və sosial siyasət dialoqunda tapşırıq qrupunun rəhbəri Aleksandra Posarakı əvəz edəcək Maddalena Honorati ilə tanışlıq olub. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli ölkəmizdə sosial inkişafın təmin edilməsi istiqamətində ötən dövrdə əldə olunan nailiyyətləri diqqətə çatdırıb. O, Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan islahatlar, icra olunan aktiv əmək bazarı proqramları, dövlət sosial xidmətlərinin “bir pəncərə”dən operativ və tam şəffaf şəkildə göstərilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanına əsasən nazirliyin tabeliyində DOST Agentliyi və mərkəzlərinin yaradılması istiqamətində aparılan işlər barədə məlumat verib. Nazir müavini Dünya Bankı ilə birgə həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb. Bildirib ki, 2004-2011-ci illəri əhatə edən “Pensiya və Sosial Təminat” layihəsi və 2008-2015-ci illəri əhatə edən “Sosial Müdafiənin İnkişafı” layihəsinin icrası nəticəsində mühüm irəliləyişlər əldə olunub. Hazırda “Azərbaycanda İş Yerləri ilə bağlı Tədqiqat və Strategiya” layihəsi çərçivəsində iş yerləri ilə bağlı nəticələrin əldə olunmasında ümumi biznes mühiti, rəsmi sektordakı işəgötürənlərin fəaliyyəti və işçi qüvvəsinin qiymətləndirilməsi istiqamətləri üzrə işlər davam etdirilir.