İqor Bratçikov: "Xəzəryanı ölkələrdə keçiriləcək seçkilər Xəzər Konvensiyasının ratifikasiyasına təsir edə bilər"


Dünya 14 Sen 2018 11:27:48 263 0

İqor Bratçikov: "Xəzəryanı ölkələrdə keçiriləcək seçkilər Xəzər Konvensiyasının ratifikasiyasına təsir edə bilər"

"Regiondan olmayan oyunçuların danışıqlara təsir göstərmək cəhdləri 20 illik danışıqlar prosesi dövründə həmişə olub"

Xəzəryanı dövlətlərin hamısının "Xəzər tənliyi"ni həll edərək yekun nəticəyə gəlməsi vacib məqamdır.

"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi işlər üzrə elçisi İqor Bratçikov "Kommersant" nəşrinə müsahibəsində avqust ayında Aktauda Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanması məsələsini şərh edərkən bildirib.

"Fikrimcə, ratifikasiya prosesini heç kim süni şəkildə uzadan deyil. Konvensiya balanslı və bərabərhüquqlu sənəddir. O, bütün sahilyanı ölkələrin milli maraqlarını özündə ehtiva edir. Onun tezliklə qüvvəyə minməsi bütün tərəflərin tələblərinə cavab verir", - İ.Bratçikov deyib.

Bununla belə, o, ayrı-ayrı Xəzəryanı ölkələrdə keçiriləcək seçkilərin sazişin ratifikasiyası proseduruna birbaşa təsir edə biləcəyini istisna etməyib. Seçki kampaniyalarına görə Konvensiyanın ratifikasiyasının gecikməyəcəyinə ümid edən xüsusi elçi Konvensiyanın seçki mübarizəsinin əsiri olmamasının vacibliyini vurğulayıb.

"Regiondan olmayan oyunçuların danışıqlara təsir göstərmək cəhdləri 20 illik danışıqlar prosesi dövründə son ana qədər həmişə olub.Regiondan, hətta Avrasiya materikindən belə xeyli uzaq olan ölkələr də Xəzər dənizinə maraq göstərib", - İ.Bratçikov bildirib.

O xatırladıb ki, qarşılıqlı razılaşma çərçivəsində Xəzər Konvensiyası üzrə danışıqlar məxfi rejimdə keçirilib, tərəflər KİV-də bir-birinin mövqeləyini şərh etməkdən qaçıblar.

"Belə təcrübə özünü doğrultdu. Açığını deyim ki, heç indi də müzakirələrin xırdalıqlarını açıb-tökmək lazım olduğunu düşünmürəm. Əsas odur ki, "Xəzər tənliyi"ni həll edib, yekun nəticəni əldə etdik", - İ.Bratçikov vurğulayıb.

Rusiya XİN-in xüsusi işlər üzrə elçisi Konvensiyanın qüvvəyə minməsinin daha əvvəl imzalanmış müqavilələri ləğv etmədiyini də söyləyib.