Bilik Fondu ilə Mənəvi Dəyərlərin Təbliği Fondu birinciləri sevindirib (FOTO)


Digərləri 13 Sen 2018 21:16:31 321 0

Bilik Fondu ilə Mənəvi Dəyərlərin Təbliği Fondu birinciləri sevindirib (FOTO)

Ölkənin sərhədyanı bölgələrində yaşayan aztəminatlı ailələr üçün xeyriyyə aksiyası keçirilib.

Bakı. Prezident yanında Bilik Fondu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzdində Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə ölkənin sərhədyanı bölgələrində yaşayan aztəminatlı ailələr üçün xeyriyyə aksiyası keçirilib. Bilik Fondundan Trend-ə verilən məlumata görə, Cəbrayıl, Füzuli, Ağcabədi, Laçın, Ağdam, Tərtər rayonlarından olan qaçqın və məcburi köçkün ailələrinin 2018-1019-cu tədris ilində I-II sinfə gedəcək 100 nəfər üzvü məktəbli forması, çanta və dərs ləvazimatları ilə təmin edilib. Aksiyaya Cəbrayıl rayonu şəhid Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbindən başlanılıb. Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, icraçı direktorun müavini Ceyhun Əliyev, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, Bilik Fondunun aparıcı məsləhətçisi Elvin Hətəmov və Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyevin iştirakı ilə keçirilən tədbirdə məktəbə ilk dəfə qədəm qoyacaq 7 şagirdə məktəbli forması, çanta və dərs ləvazimatları hədiyyə olunub. Çıxış edənlər uşaqları yüksək səviyyədə təhsil almağa və vətənə layiqli vətəndaş olmağa səsləyiblər. Bildirilib ki, bundan sonra da dövlətimiz daim onların qayğısına qalacaq. Növbəti tədbir Füzuli rayonu Heydər Əliyev Mərkəzində keçirilib. Aztəminatlı ailələrdən birinci sinfə gedəcək 20 uşağa hədiyyələr verilib. Füzuli Rayon İcra Hakimiyyəti İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Qabil Əliyevin iştirak etdiyi tədbirdə məktəbə ilk dəfə qədəm qoyan şagirdlərə uğurlar arzulanıb, onlara elmin yollarında inamla irəliləmək tövsiyə olunub.