Ərəb blogerin Bakıdan qalmaqallı reportajı etiraz doğurdu


Digərləri 12 Sen 2018 15:28:00 246 0

Ərəb blogerin Bakıdan qalmaqallı reportajı etiraz doğurdu

Ərəb bloger Ali Əthabın Azərbaycana gələn ərəb turistlərin həyat tərzi haqqında hazırladığı reportaj böyük  səs-küyə səbəb olub. Belə ki, bir çox İraq telekanallarında yayımlanan və səs-küy yaradan reportajda blogger qeyd edib ki, Bakıya gəlişinin səbəbi burada ərəb turistlərin ölüm səbəbini araşdırmaqdır. Bloger Azərbaycanda ərəblərin gecə həyatı yaşadığını və yüngül həyat tərzi sürən qadınlarla münasibətdə olduqlarını müşahidə edib.

Ali Əthab reportajında qeyd edib ki, ərəblər Bakıda gecə klublarında tanış olduqları qadınlarla cinsi əlaqədən sonra QİÇS xəstəliyinə tutulur. O, digər qalmaqallı iddia ilə də çıxış edərək bildirib ki, guya Bakıda 8 min ərəb sözügedən xəstəliyə yoluxub.

Beləliklə, qalmaqallı reportaj bir çox suallar ortaya çıxarıb. 8 min ərəbin SPİD xəstəliyinə tutulması ehtimalı nə qədər əsaslı ola bilər? Rəsmi orqanlar blogerin hazırladığı bu reportajla bağlı hər hansı araşdırma aparmağı düşünürmü?

İlk öncə qeyd edək ki, son iki ildə ölkəmizə gələn bir neçə ərəb bu və ya digər səbəbdən dünyasını dəyişib. Azərbaycan mətbuatında da bu məsələ bir neçə dəfə müzakirə edilib. Ekspertlər qeyd edir ki,  ərəblər spirtli içki mədəniyyəti olmadığı üçün bəzən "doza"nı aşaraq həyatlarını təhlükəyə qoyurlar. Bundan başqa, fərqli qidalanma, ağır çəki, bununla paralel çox yeyib, az hərəkət etmənin də fəsadları özünü göstərir. Həmçinin cinsi gücü artıran dərmanların spirtli içkilərlə birgə qəbulu da bir çox hallarda faciəvi nəticəyə gətirib çıxara bilir.

Ümumiyyətlə, ərəb turistlərin əxlaqsız, xoşagəlməz, qıcıq yaradan davranışları ilə bağlı da vaxtaşırı məlumatlar yayılır. Turizm agentliyində çalışan şəxslər də mətbuata açıqlamasında bildirirlər ki, ərəb turistləri bir qayda olaraq Bakıda və əyalətdə olan intim xidmət göstərən məkanların adlarını istəyirlər. Qeyd olunur ki, ərəblərin ilk tələbi intim xidmət göstərən yerlərə getmək olur. Onlar əsasən rus və ukraynalı xanımlarla tanış olmaq istəyirlər. Hətta ailəsi ilə birgə gələn ərəblər də bu cür istəkdə olurlar. Təbii ki, bu vəziyyətdə SPİD və bu kimi yoluxucu xəstəliklərin yayılması ehtimalı qaçılmaz olur.

Tez bir zamanda 8 min ərəbdə SPİD xəstəliyinin aşkar edilməsi məsələsinə gəldikdə isə tibb professoru Adil Qeybulla məsələyə bu cür aydınlıq gətirdi: "SPİD virusu bir sıra virus qrupuna aiddir. Bu virus bədənə oturur və qanda, orqanizmin müxtəlif yerlərində aşkar edilir, o cümlədən ağız yolunda, uşaqlıq yolunda və sairə. Virusa yoluxmanın müxtəlif formaları var. Virusa yoluxduqdan təxminən 1 ay sonra qanda çoxalır. Lakin bir ayda bu məsələ aşkarlanmır. Çünki bunun üçün azı 3 aya qədər vaxt lazım gəlir. Yoxlanma zamanı virusun çıxmaması hələ ona yoluxmadığını göstərmir".

Həkim qeyd etdi ki, qəsdən başqasını bu virusa yoluxdurmaq cinayət hesab olunur: "Virusun yayılmaması üçün müxtəlif müalicə üsulları aparılsa da, xəstəliyi tam olaraq aradan qaldırmaq mümkün deyil. Bu səbəbdən qəsdən başqasını bu virusa yoluxdurmaq cinayət hesab olunur. Bunun üçün də diqqətli olmaq lazımdır".

Adil Qeybulla son vaxtlar ölkəmizdə bu xəstəliyin geniş yayılmasına da şərh bildirib: "Bu, Azərbaycan əhalisinin miqrasiyası ilə bağlıdır. Bilirik ki, milyonlarla insan Rusiyaya və digər ölkələrə axışır. Beləliklə, ölkəyə giriş-çıxış artdıqda virusun yayılması da genişlənir.

Virus əsasən qanla yoluxur. O cümlədən anada virus olarsa onun dünyaya gətirdiyi körpəsində də virusun aşkarlanması qaçılmaz olur.  Xəstəliyə yoluxmamaq üçün bir çox məsələlərə, o cümlədən şəxsi gigiyenaya diqqət etmək lazımdır".