Nəsimi Festivalının açılışında Şamaxı Astrofizika Rəsədxanasında "kosmik şou" göstəriləcək


Digərləri 12 Sen 2018 14:12:00 258 0

Nəsimi Festivalının açılışında Şamaxı Astrofizika Rəsədxanasında "kosmik şou" göstəriləcək

27-30 sentyabr tarixlərində Azərbaycanda ilk dəfə olaraq Nəsimi - şeir, sənət və mənəviyyat Festivalı keçiriləcək. Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunan, şeir və sənətin yaşadılması məqsədi daşıyan festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, Festivalın ilk günü iştirakçılar şairin doğulduğu Şamaxı şəhərində İmadəddin Nəsiminin qardaşı Şaxəndanın və görkəmli şair Seyid Əzim Şirvaninin dəfn olunduğu Şaxəndan qəbiristanlığını, Qafqazda ən qədim məscidlərdən olan, 743-cü ildə inşa edilmiş Cümə Məscidini, Avaxıl kəndindəki Pir Ömər məbədini və Şamaxı Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edəcəklər.

Şamaxı Tarix-Diyarşünaslıq Muzeyində ekspozisiya bu diyarın həyatındakı ən vacib hadisələrin tarixi barədə hekayələr şəklində təqdim olunacaq. Bundan başqa, 1667-ci ildə baş vermiş və şəhərin tam dağılmasına səbəb olmuş zəlzələyə həsr olunmuş bölmə də olacaq. Tarixçilərin məlumatına görə, zəlzələ nəticəsində 40 mindən 80 minədək sakin həlak olub. Bu hadisə Böyük İpək yoplu üzərində yerləşmiş şəhərin görünüşünü çox dəyişdi.

Ən mühüm hadisələrdən biri Heydər Əliyev Fondunun bu muzeyə hədiyyəsi olacaq. Bu, Avropada tapılmış, əldə edilmiş və Azərbaycana gətirilmiş XVII əsrin üç unikal qravürdür. Bu qravürlər nə vaxtsa Şamaxıda olmuş səyahətçilərin qravürləridir.

Onlar arasında alman çoğrafiyaçısı Adam Olearinin Şamaxı görüntüləri var. O, Şlezviq-Qolşteyn hersoqluğunun səfirliyi tərkibində İrana gedərkən iki dəfə Şamaxıda olub. Daha sonra onun müşahidələri "Moskvaya və Moskvadan İrana və geriyə səyahətin təsviri" kitabına daxil olub. Digər miniatür kitab nəşriyyatçısı holland Alfred Tapperin "Planetin ekzotik yerləri" nəşrlərindən birində yer alıb. Şamaxıda bir ildən çox (1670-ci il sentyabrın 8-dən 1671-ci il oktyabrın 30-dək) yaşamış holland dənizçi Yan Streysin səyahətinin təsvirləri isə xüsusi yer tutur. O, şəhəri 1667-ci il zəlzələsindən sonra görüb və onun tikililəri barədə ətraflı məlumat verib. Ən maraqlısı odur ki, bu qravürlərdə o dövrün Şamaxısının böyüklüyünü, çoxlu sayda binalar, məscidlər, şəhərin inkişaf etmiş infrastrukturunu görmək olar.

Daha sonra Şamaxıda Nəsiminin heykəli önündə şeir-musiqi məclisi, həmçinin Mədəniyyət Nazirliyinin "Söz" ədəbi layihəsi çərçivəsində keçirdiyi, İmadəddin Nəsiminin xatirəsinə həsr olunmuş ədəbi müsabiqənin qaliblərinin iştirakı ilə tədbir təşkil olunacaq.

Müsabiqəyə gənc şairlər Nəsimi dühasından bəhrələnərək yazdıqları əsərləri təqdim edəcəklər.

Şamaxının Meysəri kəndində "Həssas Dəb" adı altında Beynəlxalq Etik Dizayn Məntəqəsinin açılışı da keçiriləcək. "Baku" jurnalının son bir neçə ildə "Eko. Dəb marşrutu" ("ЭКО. Модный маршрут") başlığı altında davamlı dərc etdiyi materiallar əsasında qurulan məkan geyim və interyer əşyaları istehsalında ekoloji həssaslıq, təkrar emal, unudulmuş və dövriyyədən çıxan ənənəvi istehsal üsulları və texnologiyaların bərpasına dair məlumat və maarifləndirmə, nümayiş və satış salonu funksiyalarını özündə ehtiva edəcək. Burada azərbaycanlı və xarici dizaynerlərin işləri təqdim olunacaq. Sərgidə Azərbaycanda yüz illər boyu istifadə olunan geyim üslubları, müxtəlif dövrlərdə dəbdə olmuş fərqli rənglər və milli ornamentli bəzəklərlə işlənmiş libaslar nümayiş etdiriləcək.