"Son 10 ildə 500dən çox hərbi qulluqçu cəzadan azad olunub”


Digərləri 12 Sen 2018 12:08:00 252 0

"Son 10 ildə 500dən çox hərbi qulluqçu cəzadan azad olunub”

"Milli Məclis tərəfindən qəbul edilmiş bir sıra amnistiya aktlarının hərbi qulluqçulara tətbiq edilməsində şöbə prokurorları bilavasitə iştirak ediblər. Belə ki, "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş" 8 may 2007-ci il, "Novruz bayramı münasibəti ilə" 17 mart 2009-cu il, "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə" 7 may 2013-cü il və "28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında" 20 may 2016-cı il tarixli amnistiya qərarların tətbiqi nəticəsində 500-dən çox hərbi qulluqçu cəzadan azad olunmaqla, hərbi xidmət yerlərinə qaytarılıb".

Son.az report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Hərbi Prokurorluğunda dövlət ittihamının müdafiəsi şöbəsinin rəisi, ədliyyə polkovniki Aydın Ələsgərov bildirib.

O qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrində cinayətkarlığa qarşı mübarizədə məhkəmənin hökm və qərarlarının rolunun artırılması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, cinayət təqibi üzrə icraatın tezliyinin və operativliyinin təmin edilməsi, eləcə də məhkəmə prosesində iştirak edəcək hərbi qulluqçuların xidməti vəzifələrinin icrasından ayrılmaması, onlara əlavə ezamiyyət xərclərinin verilməməsi məqsədilə məhkəmə baxışlarının hərbi hissələrdə səyyar qaydada keçirilməsi xüsusi əhəmiyyətə malikdir. Bu istiqamətdə görülən işlərin səmərəliliyini daha da artırmaq üçün şöbə tərəfindən müəyyən tədbirlər görülüb.

Onun sözlərinə görə, məhz dövlət ittihamçılarının vəsatətləri əsasında hərbi məhkəmələr tərəfindən hərbi hissələrdə səyyar məhkəmə iclaslarının keçirilməsinin nəticəsi olaraq, son illər ərzində məsuliyyətə cəlb edilmiş hərbi qulluqçuların sayında, eləcə də qəsdən adam öldürmə və özünü öldürmə cinayət hadisələrinin sayında azalma müşahidə edilib.