"Run Group"dan daha bir möhtəşəm layihə (FOTO/VİDEO)


Digərləri 12 Sen 2018 11:00:00 488 0

"Run Group"dan daha bir möhtəşəm layihə (FOTO/VİDEO)

Şirkətin növbəti layihəsi Göygöldə nişasta zavodunun inşası ilə bağlıdır.

Bakı. Azərbaycana xarici ölkələrdən investisiyaların cəlb edilməsi vasitəsilə iqtisadiyyatımıza töhfə verməyə çalışan "Run Group" şirkətinin həyata keçirdiyi layihələrin sırasına biri də əlavə olunur. "Run Group"dan Trend-ə verilən məlumata görə, şirkətin növbəti layihəsi Göygöldə nişasta zavodunun inşası ilə bağlıdır. İlkin hesablamalara görə, Göygöl Nişasta Zavodunun inşası üçün 120 milyon avro investisiya tələb olunur. Bu məqsədlə "Run Group" Çin Milli İdxal-İxrac Korporasıyası (CNTIC) və Böyük Britaniyanın "Athene Capital" Fondu ilə əməkdaşlığa başlayıb. Belə ki, Çinin ən böyük şirkətlərindən biri olan CNTIC zavodun inşası üçün lazım olan maliyyənin 85 faizini, o cümlədən ABŞ və İsveç istehsalı olan texnika və avadanlıqları təqdim edəcək. CNTIC hətta işi ilə böyük nüfuz və etimad qazanmış "Run Group"a xüsusi kredit xətti də açıb. "Athene Capital" Fondu isə zavoda 15 faizlik investisiya payı ilə yatırım edəcək. Zavodun inşasına ümumilikdə 600 nəfərədək işçi qüvvəsi cəlb olunacaq. Qeyd edək ki, layihə İqtisadiyyat Nazirliyi tərəfindən də dəstəklənir. Göygöl şəhərində 20 hektarlıq ərazidə yerləşəcək nişasta zavodu istismara veriləndən sonra burada 650 nəfərlik iş yeri açılacaq. Zavodda nişasta istehsalı üçün gündəlik 800 ton buğda emal edilə biləcək. Bu məqsədlə artıq Rusiya şirkətlərindən biri ilə ildə 300 min ton buğdanın alınmasına dair razılıq əldə edilib. Bundan başqa, artıq indidən zavodun məhsullarının satışı ilə bağlı müqavilələr də imzalanıb. Belə ki, bağlanmış 7 illik müqaviləyə görə, məhsulun 98 faizi xaricə ixrac olunacaq, yalnız 2 faizi ölkədə daxilində bazara çıxarılacaq. Qeyd edək ki, nişastadan qida sənayesində və tibbdə istifadə olunan 12 adda məhsul hazırlanır. Göygöl Nişasta Zavodunun 2020-ci ilin sonunadək tikilib başa çatdırılması gözlənilir. Lakin zavod "Run Group"un ilk istehsal layihəsi olduğundan şirkət onu planlaşdırıldığından daha erkən istifadəyə vermək əzmindədir.