Bakı metrosunda Xəzər dənizinə "səyahət" imkanı


Digərləri 10 Sen 2018 19:32:00 323 0

Bakı metrosunda Xəzər dənizinə "səyahət" imkanı

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC və  "Bakı Metropoliteni" QSC -nin birgə təşkilatçılığı ilə "Gənclik" metrostansiyasında "Metro Gallery" layihəsi çərçivəsində  "Gəmiçilik-160 il" mövzusunda fotoqalereya açılıb. Son.az xəbər verir ki, bu dəfə paytaxt sakinləri və Bakının qonaqları stansiyanın hər dörd çıxışının əsas vestibüllərində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tarixini əks etdirən nadir fotoları görmək imkanı qazanıblar.

Foto sərginin ilk günündə rəsmi açılış mərasimi baş tutub. Açılışda çıxış edən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin mətbuat katibi Mehman Mehdiyev bildirib ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyinə həsr olunan sərgidə 90-dan çox foto nümayiş edilir: "Fotoların hər biri Xəzərdə Azərbaycan gəmiçiliyinin müxtəlif dövrlərini əhatə edir. Burada Xəzər dənizində üzən ilk gəmilər,  tanınmış  dənizçilər,  neft mədənləri, tacirlər  haqqında maraqlı fotolara rast gəlmək mümkündür".

Sərgidə müxtəlif arxivlərdən əldə edilən nadir fotolar nümayiş olunur. Bu fotolar həm AXDG-nin əməkdaşları, həm də araşdırmaçı-jurnalist, Bakı Media Mərkəzinin redaktoru, əməkdar mədəniyyət işçisi Müsəllim Həsənovun araşdırması ilə ortaya çıxıb.

Gəmiçiliyin sifarişi əsasında tarixi-sənədli kitab yazan Müsəllim Həsənov qeyd edib ki,  fotoların hər biri  özündə böyük bir tarixi yük daşıyır. O, bildirib ki, fotoşəkillər həm Azərbaycanın, həm də Rusiyanın arxivlərindən əldə olunub.

Daha sonra çıxış edən uzaq səfərlər kapitanı Muxtar Axundov Gəmiçiliyin qəhramanlıqlarla dolu tarixi və bugünki dinamik inkişafı haqqında məlumat verib.