Torpağa göstərilən qayğı, çəkilən zəhmət heç vaxt yerdə qalmır


Digərləri 09 Sen 2018 21:25:00 291 0

Torpağa göstərilən qayğı, çəkilən zəhmət heç vaxt yerdə qalmır

Babək rayonunun Cəhri kəndi muxtar respublikanın böyük yaşayış məntəqələrindən biridir. Kənd əhalisinin başlıca məşğuliyyət sahələri içərisində taxılçılıq xüsusi yer tutur. Bu gün həmin yaşayış məntəqəsinin sakinləri muxtar respublikada taxılçılığın inkişafına öz töhfələrini verirlər.

Son.az bildirir ki, AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşları həmin kəndə gedib, uzun illər taxılçılıqda yaxşı təcrübə qazanmış torpaq mülkiyyətçisi Sənan Novruzovla həmsöhbət olublar.

Cəhrili fermer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 21 dekabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafındakı xidmətlərinə görə 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilib.

Sənan Novruzov bildirib ki, sahələrə vaxtlı-vaxtında aqrotexniki qulluq göstərib, taxıl zəmilərində yüksək məhsuldarlığa nail olmaq üçün sahələrin suvarılmasını, ziyanvericilərə qarşı müvafiq işlərin görülməsini diqqətdə saxlayıb. Bununla da 225 hektar əkin sahəsindən bol məhsul əldə edib. Onun 135 hektarı icarəyə götürülmüş dəmyə sahə olub. O, həm də 90 hektar suvarılan sahədə taxıl əkini həyata keçirib. Onun da 210,1 hektarını buğda, 14,9 hektarını arpa təşkil edib.

Təsərrüfatçı 18 ildir taxılçılıqla məşğuldur. Deyir ki, taxılçılıq qayğı istəyən sahədir. Əkiləcək sahəyə toxum səpməklə və ya zəmini suvarmaqla iş bitmir. Gərək əkilən sahəyə lazımi mineral gübrələr verəsən, ziyanvericilərə qarşı mübarizə tədbirləri görəsən, bir sözlə, bütün işləri vaxtlı-vaxtında yerinə yetirəsən. "Onu da deyim ki, torpağa göstərilən qayğı, çəkilən zəhmət heç vaxt yerdə qalmır. Mən bunu neçə illərdir ki, öz fəaliyyətimdə görmüşəm. Bu il də tədarük etdiyim taxıldan payızlıq əkin üçün toxumluq götürmüşəm. Çalışıram ki, payızlıq əkin kampaniyasını vaxtında başa çatdırım. Hazırda şum qaldırılması ilə məşğuluq. 250-300 hektara yaxın sahədə taxıl əkini nəzərdə tutulub. Torpağın artıq 20-30 hektarının şumlanması başa çatıb", - deyə cəhrili fermer bildirib.