Məşhur iranlı müğənni: "Sizdə müğənnilər birbirini sözlə bıçaqlayırlar, bizdə isə..." FOTO


Şou-biznes 09 Sen 2018 20:24:00 354 0

Məşhur iranlı müğənni: "Sizdə müğənnilər birbirini sözlə bıçaqlayırlar, bizdə isə..."  FOTO

Son.az publika.az-a istinadən mahnılarını yalnız doğma dilimizdə ifa edən iranlı müğənni Əli Pormehrin müsahibəsini təqdim edir. Məşhur sənətçi Bakıda verdiyi uğurlu konsertdən sonra bizimlə görüşüb həmsöhbət oldu.

- Konsertiniz necə keçdi?

- Gözəl idi...

- Təəssüratlarınız necədir?

- Düzü İran konsertlərini daha çox sevirəm. Buradakı izləyicilər konsertə bikef gəlirlər.

- Bəs İranda necə gəlirlər?

- Təsəvvür edin ki, zaldakı tamaşaçıların hamısı mahnıları müğənni ilə birgə oxuyur, coşur.

- Yəni ötürdüyünüz enerji geri qayıdır...

- Bəli. Bu baxımdan İran çox gözəldir.

- Adətən bizdə də müğənnilər coşqu ilə qarşılanır. Yəqin sizin Bakıda ilk konsertiniz olduğu üçün qarşılıqlı durğunluq yaşanıb. Bəs İran və Azərbaycan ifaçıları arasında fərqi nədə görürsünüz?

- İranda musiqi əhli bir-biri ilə daha mehribandır. Amma Azərbaycanda digərinin sənətinə dəyər verən bir müğənniyə hələ rast gəlməmişəm.

- Siz yəqin böyük sənətkarlarımızla ünsiyyətdə olmamısınız. İstedadı kasad olan müğənnilər təbii ki, digərində də qüsur axtaracaq.

- Yox, niyə? Azərbaycanlı sənəkarlar hamısı işinin ustasıdır. Demək istədiyim odur ki, İranda bir neçə xanəndə, yaxud pop ifaçısı bir zalda eyni gündə konsert verə bilir. Hər biri də öz pərəstişkar ordusunu konsert zalına cəm edir. Beləcə musiqiçilər arasında həmrəylik yaranır. Bakıda isə bu halla qarşılaşmamışam. Müğənnilər bir-birini sözlə bıçaqlayırlar. İran sənətçiləri isə sadəcə digərinin səsində hansısa elementi bəyənmədiklərini vurğulaya bilərlər.

- Amma sırf musiqi seçimi ucbatından bizdə hələ ki, heç kim Mohsen Namjoo kimi sənətkarı ölkəsindən didərgin salmayıb. Yəni janr seçimi azaddır...

- Düzü, mən Mohsen Namjoonun stilini, əndazəni aşan çılğın ifasını sevmirəm. Mən sənəti, duruşu ilə daha ağır sənətkarları bəyənirəm. Məhəmməd Rza Şəcəryan, oğlu Humayun Şəcəryan kimi... Nəzərinizə çatdırım ki, Məhəmməd Rza kimi böyük xanəndənin tələbəsindən dərs almışam. Məni zahirən ona bənzədənlər də tapılır.

- Bənzərliyiniz var, doğrudur. Şəcəryanları mən də klassika, möhtəşəm zövq sahibi hesab edirəm, amma Namjoo musiqisinin də gözəlliyi dana bilmərəm.

- Zövqlər müxtəlifdir.

- Mübahisəli mövzuya daldıq. O zaman Tehranla Bakını fərqləndirən cəhətləri sadalayın lütfən...

- Bakı sanki modernliklə köhnəliyin arasında çaş-baş qalıb. Bu mərhələni keçsə, hər şey yaxşı olacaq.

- Hansı səmtə doğru?

- Təbii ki, müasirliyə.

- Bəs Tehran bu mövzuda hansı nöqtədə durur?

- Tehran da hələ ki, modernliyin astanasındadır.

- Əli bəy, son aylar adınız, ifanız Azərbaycanda çox məşhurlaşıb. Hətta sosial şəbəkələrdə fars dilində ifa etmədiyi üçün televiziya kanalları üzünə bağlanan müğənni kimi tanınırsınız...

- Belə demək insafsızlıq olardı. İran din hökuməti olmağına baxmayaraq, mənim mahnılarımın hətta senzuradan kənar sayılan sözlərini ifa etməyimə şərait yaradılır. "Kefli" adlı bir mahnım var. Onu başqa müğənni fars dilində oxusaydı, efir qadağası qoyardılar. Ancaq mən bütün konsertlərdə, televiziya proqramlarında öz dilimdə ifa edirəm. Heç bir ögeylik də yoxdur. Belə şaiyələrə inanmayın. Mən musiqi yarışmalarında xalqın səsverməsi ilə dəfələrlə birinci olmuşam. Özü də finala Mohsen Yeganə, Çavuşi, Məhəmməd İsfahani kimi fars sənətçilərlə düşmüşdüm. Nə qarşımı alan, nə yolumu kəsən... heç kim olmayıb. Heç vaxt da deməyiblər ki, bu türkdür, özümüzdən uzaq tutaq.

- Çox maraqlıdır. Çünki adətən cənublu soydaşlarımız əksini iddia edirlər.

- Bilirsiniz, insan özü bir işi görməkdə gücsüz olanda, digərlərini də suçlayır. Mən gecə-gündüz çalışıram. İranda fars da, türk də, talış da öz dilində oxuyur, danışır.


Xəbərə aid fotolar