"Kütbeyin" adlandırılıb məktəbdən qovulan dahi


Digərləri 09 Sen 2018 19:49:00 251 0

"Kütbeyin" adlandırılıb məktəbdən qovulan dahi

Dünya şöhrətli amerikalı ixtiraçı və sahibkar Tomas Alva Edison bir çox ixtiraları ilə yadda qalıb. Amerika Birləşmiş Ştatlarında onun adına 1098, xaricdə isə üç min patent mövcuddur. 

Son.az oxu.az-a istinadən bildirir ki, Tomas Edison orta məktəbdə cəmi üç ay oxuyub. İlk üç aylıq təlimdə ciddi irəliləyiş göstərə bilmədiyinə görə, müəllimi Toması "kütbeyin" adlandırıb və bundan sonra o, evdə anasından təhsil almalı olub. Edison yazırdı: "Anam mənə o qədər inandı, o qədər əmin oldu ki, onun ümidlərini qırmamaq üçün nəsə etməli olduğumu anladım".

Ailənin yeddi uşağından ən balacası olan Tomas 10 yaşı olarkən ilk laboratoriyasını qurub. 16 yaşında ilk teleqraf cihazını icad edib. Bu cihazın hazırlanma hüququnu 40 min dollara sataraq, 1874-cü ildə özünə xüsusi laboratoriya açıb. 

Edison daim oxuyar, elm və texnikanın bütün nailiyyətlərindən və tələblərindən xəbərdar olardı. O, 1869-1876-cı illərdə bir sıra orijinal cihazlar ixtira edib, patent alıb.

1877-ci ildə Edison səsləri plastinkaya yazan fonoqrafı və sonra yazılmış səsləri yenidən canlandıran cihazı ixtira edir. Bu ixtirasına görə onu "Menlo-parklı sehrbaz" adlandırırlar. Edisonun bu ixtirası indiki səs texnikasının əcdadı olub.

1879-cu ildə Edison Lodıginin lampasını təkmilləşdirərək onu praktika üçün yararlı edir, lampaya sokol, patron əlavə edib, müasir səviyyədəki şəklə salır. O, öz dövrünün ən güclü generatorlarının layihəsini yaradır.

Edison 1882-ci ildə dünyada birinci olaraq istilik elektrik stansiyasını qurur və ictimaiyyətin istifadəsinə verir.