“Şabran şəhəri” Qoruğunda küçələr və divar qalıqları aşkarlanıb


Digərləri 09 Sen 2018 13:32:36 198 0

“Şabran şəhəri” Qoruğunda küçələr və divar qalıqları aşkarlanıb

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən “Şabran şəhəri” Tarixi Qoruğu ərazisində arxeoloji qazıntı işlərinin növbəti mərhələsinə başlanılıb.

Bakı. İlhamə İsabalayeva - AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən “Şabran şəhəri” Tarixi Qoruğu ərazisində arxeoloji qazıntı işlərinin növbəti mərhələsinə başlanılıb. İnstitutdan Trend-ə verilən məlumata görə, tədqiqatlar yeni çəkilən Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun qoruğun ərazisindən keçəcək hissəsində aparılır. İnstitutun Şabran arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurov bildirib ki, ilkin tədqiqatlar nəticəsində çay daşları ilə döşənmiş küçələr və divar qalıqları aşkar olunub. Qazıntı ərazisində su borusu yerləri, çox sayda qırmızı, yaşıl və göy boya ilə rənglənmiş saxsı qablar üzə çıxıb. Arxeoloqlar ərazidə, həmçinin kəhriz olması ehtimal edilən bişmiş kərpicdən tikili də üzə çıxarıblar.