Armudu günün hansı saatlarında yemək daha faydalıdır?


Digərləri 08 Sen 2018 23:25:00 231 0

Armudu günün hansı saatlarında yemək daha faydalıdır?

Qonaqpərvər azərbaycanlı süfrəsinin əvəzolunmaz meyvələrindən biri armuddur. Bu meyvənin həm dadı, həm ləzzəti, həm də müxtəlif sortlarının ətri və rəngarəng estetik görünüşü hamımıza yaxşı məlumdur. Yayda armudun özünü, digər fəsillərdə isə bu meyvənin qurusunu, yaxud ondan hazırlanan məhsulları - mürəbbə, cem, kompot və sair iştahla yeyirik. Amma çoxumuz nə bu meyvəni günün hansı saatlarında yeyilməsini, nə də hansı xəstəliklərin müalicəsində əvəzsiz təbii vasitə kimi istifadə etməyin daha faydalı olduğunu bilmirik.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin bağçılıq kafedrasının professoru, meyvələrlə müalicə sahəsində elmi araşdırmaların müəllifi Zaur Həsənov bildirib ki, armud zəngin kimyəvi tərkibə malikdir. Bu meyvə yüksək keyfiyyətli və qidalı olduğundan qədim zamanlardan becərilir. Meyvələrin tərkibində şəkər, turşular, dabbaq maddələri, kül elementləri, müxtəlif vitaminlər və mikroelementlər var. Armud meyvələri həm təzə, həm də qurudulmuş halda istifadə edilir. Hər 100 qram meyvə 50 kilokalori enerjiyə malikdir.

Armudda olan C vitamini damarların elastikliyini artırır, K vitamini qanda kalsiumun həddən artıq olmasının qarşısını alır, B9 (foli turşusu) qanyaratma prosesində iştirak edir, bitki hüceyrələrinin qabığını təşkil edən sellüloza zərərli xolesterinin səviyyəsini azaldır, bağırsağın mikroflorasını nizamlayır, öd kisəsində daş yığımına mane olur, mədədə toxluq yaradır, kükürd isə dəri, sümük və saçlara faydalıdır.

Armud min illərdir ki, xalq təbabətində geniş istifadə olunur. Xüsusilə prostatın müalicəsində armuddan hazırlanmış kompot yaxşı nəticə verir. Əlli yaşından yuxarı kişilər qış üçün armud quruları hazırlayıb kompotundan istifadə etsələr, prostat fəsadlarından uzaq olarlar. Bu, həm müalicə, həm də profilaktika üçün faydalıdır. Meyvələrdə olan arbutin adlı antibiotik mikrobları məhv edir. Bağırsağın florasına və mikroblara təsir göstərməklə böyrəklərin və sidik kisəsinin işini yaxşılaşdırır.

Təzə meyvələr az miqdarda yeyildikdə həzmi nizamlayır və orqanizm tərəfindən asan mənimsənilir. Təzə armud meyvələri ağır göbələk zəhərlənmələri, ürək döyüntüləri, sidik kisəsinin soyuqlaması zamanı yaxşı köməkçidir. O, həzmi yaxşılaşdırır, əhval-ruhiyyəni yüksəldir, gərginliyi azaldır, bağırsağın işini nizamlayır, öd çıxımını fəallaşdırır, maddələr mübadiləsinə kömək edir. Armud meyvələri profilaktiki və müalicə vasitəsi kimi ürək, qara ciyər, böyrək, piylənmə, şəkərli diabet xəstəlikləri, kapilyarların keçiricilik qabiliyyətinin pozulması zamanı pəhriz üçün qidaya daxil edilir. Armud meyvələrindən çəkilmiş təzə şirə qızdırmalı xəstələrdə yanğını söndürür, ağrıkəsici, antiseptik, antibakterial və virusu neytrallaşdırma təsirinə malik olur. Armud şirəsi, həmçinin bədxassəli şişlər, nefrit, sistit, ishal zamanı büzüşdürücü, möhkəmləndirici, qızdırma salan vasitə kimi də istifadə olunur. Bu məqsədlə ½-1 stəkan şirəyə 1 xörək qaşığı bal qatıb gündə 3 dəfə içmək lazımdır.