Cəmi 4 ay hazırlaşıb qəbul imtahanlarında 428 bal toplayan gözdən əlil


Digərləri 07 Sen 2018 15:58:00 292 0

Cəmi 4 ay hazırlaşıb qəbul imtahanlarında 428 bal toplayan gözdən əlil

Bu günə qədər almazın dəyərindən, gözəlliyindən və parlaqlığından çox danışılsa da, bağrından çıxdığı bərəkətli torpağa, müasir emalatxanaya və qızıl əllərə, yəni zərgərlərə diqqət yetirilmir, onlardan danışılmır.

Necə ki, bütün şeirlər, mahnılar - bir sözlə, poeziya yağışa həsr olunar, amma yağışı bətnində böyüdən, şimşək sancıları ilə doğub yağışa da, aləmə də can verən buluddan heç söz açılmaz. Bu gün mən sizə əsərdən yox, əsəri var edənlərdən danışacağam.

Son.az kaspi.az-a istinadən xəbər verir ki, ilk dəfə 2014-cü ildə 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə gəldim. Lazımsız əşya kimi cəmiyyətin zirzəmisinə atılmış və toz basmış insanlardan cürbəcür qiymətli daşlar yaradan bu emalatxana məni də cəmiyyətin qaranlıq zirzəmisindən çıxarıb işığa qovuşdurdu. Mərkəzin direktoru Rəhilə xanımın nəzarətində və müəllimlərin əllərində dəyər qazanmağa, parıldamağa başladım. İlk zərgərim kompüter müəllimi Fazilə xanım oldu. O, mənə kompüterdə səsli proqramla yanaşı, brail əlifbası və 3-cü sinifdən bəri unutduğum orfoqrafiyanı da yenidən öyrətdi. Qeyd edim ki, səsli proqram, brail tədrisi müəllimin ixtisası deyil və görmə məhdudiyyətli biri ilə ilk dəfə çalışırdı. Buna baxmayaraq bir zərgər dəqiqliyi ilə gözləri qamaşdıran almaz var etdi.    Bir başqa zərgərim isə toxuma müəllimi Zemfira xanım oldu.

O, mənə yalnız muncuqdan gül toxumaq öyrətmədi. Həm də səbri, təmkini, sükunəti öyrətdi və ən əsası, mənə rənglərin mənasını yenidən qazandırdı.

Digər müəllimlərdən və işçilərdən də az şey öyrənməmişəm.

Ümumiyyətlə, "Peşə Reabilitasiya Mərkəzi" adlı insan məktəbində fədakarlıq, təmənnasız sevgi öyrənmiş və böyük təcrübə, möhkəm dostluqlar qazanmışam.

Bu mərkəzdəki birinci dövr həyatımda bir era rolu oynadı desəm, yerinə düşər. Çünki 27 ildə edə bilmədiklərimi bu mərkəzdən sonra etməyə başlamışam. Yeni erada könüllü fəaliyyətlər, sosial layihələr, təlimlər və ən önəmlisi, yarımçıq qalmış təhsilimi tamamlamaq üçün ciddi addımlarım oldu. 

Qeyd edim ki, Rəhilə xanımın yönləndirməsi ilə ilk olaraq 2015-ci ildə eksternat qaydada 9-cu sinif buraxılış imtahanlarında iştirak edib şəhadətnamə aldım və gözdən əlillərin qiyabi gecə məktəbinə daxil oldum.

Bu ilin əvvəlində Rəhilə xanımın dəvəti ilə həyatımda ikinci Peşə Reabilitasiya dövrü, yəni inqilab dövrü başladı. Direktorumuz, mərkəzə Bakı Dövlət Universitetindən təcrübə üçün tələbələrin gələcəyini və onların köməyindən istifadə edərək universitetə hazırlaşmağımı tövsiyə etdi. Bu dəyərli tövsiyə bir inqilabın rüşeymi oldu. Sosial Elmi Psixologiya fakültəsinin tələbələri olan gənclərdən üçü məni hazırlaşdıra biləcəyini bildirdi.

Bununla da yeni zərgərlərimin əlində gərgin keçən düz 4 ay başladı. İcazənizlə, gözəl zərgərlərimi sizə tanıtmaq istəyirəm.


Xəbərə aid fotolar