Astronomlar: Qara dəliklər ölmüş ulduzları "dirildə" bilir


Digərləri 07 Sen 2018 08:24:00 225 0

Astronomlar: Qara dəliklər ölmüş ulduzları "dirildə" bilir

Çarlston Universitetinin astrofizikləri riyazi hesablamalar nəticəsində müəyyən ediblər ki, kosmosdakı qara dəliklər ölmüş ulduzları "diriltmək" qabiliyyətinə malikdir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, astronomiya elmi qara dəliklərin ulduzları yalnız parçalaması və qalıqlarını udması nəzəriyyəsini irəli sürürdü. "Astrophysical Journal" nəşrində dərc olunmuş yeni məqalə bunun əksini sübut edir.

Riyazi hesablamalarla əsaslandırılmış elmi məqalədə göstərilir ki, hər hansı ulduzun qara dəliyə çox yaxın məsafədə yerləşməsi onun məhv olacağı deməkdir. Yer səthindəki qabarma və çəkilmələrə bənzəyən, lakin milyon dəfə qüvvətli olan qravitasiya qüvvəsi ulduzu yastılaşdırır və parçalara ayırır. Sonra həmin parçaları qara dəlik udur. Lakin "ağ cırtdan" adlanan ulduzların (Günəş planetinin də gələcəkdə bu qəbildən olacağı gözlənilir) məhvi daha effektlidir. Qara dəliyə təslim olmazdan əvvəl onların daxilində termonüvə reaksiyaları tamamilə dayanır. Yeni riyazi hesablamalar isə bunun əksi olan prosesləri əsaslandırır: qabarma gücü "ağ cırtdan" ulduzları sıxır və müxtəlif istiqamətlərə yönəldir ki, bu da termonüvə proseslərinin yenilənməsinə səbəb olur. Bu zaman ölən ulduz həmişəlik məhv olmazdan əvvəl müvəqqəti olaraq alovlana bilər. Ən əsası isə ulduzun canlanması üçün orta kütləyə malik qara dəlik olmalıdır. Bu cür ulduzları alimlər hələ ki kainatda aşkar edə bilməyib.

Məqalədə qeyd olunur ki, astronomiya elminə iki tip qara dəlik məlumdur. Birincilər - ulduz kütləsinin qara dəlikləri ölən ulduzun ətrafındakı qravitasiya prosesində yaranır və Günəşdən təxminən 100 dəfə ağırdır. 2015-ci ildə alimlərin qeydə aldığı qravitasiya dalğaları məhz bu cür göy cisimlərinin toqquşması nəticəsində meydana gəlmişdi. İki il sonra bu kəşfin müəllifləri fizika üzrə Nobel mükafatına layiq görülmüşdü. İkincilər - ağırçəkili qara dəliklər Günəşdən milyon, hətta milyardlarla dəfə ağırdır. Məsələn, bizim Süd yolu qalaktikasının mərkəzində yerləşən "Oxatan A*" qara dəliyi Günəşdən 4 milyon dəfə ağırdır.