Azərbaycan və Rusiya gömrük orqanları arasında işçi görüş keçirilib


Digərləri 06 Sen 2018 19:41:06 219 0

Azərbaycan və Rusiya gömrük orqanları arasında işçi görüş keçirilib

Azərbaycan Dövlət Gömrük Komitəsinin və Rusiya Federal Gömrük Xidmətinin nümayəndələri arasında işçi görüşü keçirilib.

Bakı. Xaçmaz şəhərində Azərbaycan və Rusiya dövlət sərhədindəki gömrük buraxılış məntəqələrində yaranan problemlərin operativ həlli və müəyyən buraxılış məntəqələrinin işinin effektivliyinin artırılması üzrə məsələlərin müzakirəsi məqsədilə Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) və Rusiya Federal Gömrük Xidmətinin nümayəndələri arasında işçi görüşü keçirilib. Komitədən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan DGK Xarici Əlaqələr İdarəsi, Şimal Ərazi Baş Gömrük İdarəsi və Rusiya Federal Gömrük Xidmətinin Şimali-Qafqaz Gömrük İdarəsinin nümayəndələri iştirak edib. Görüş zamanı, iki ölkə arasında mövcud dostluq əlaqələrinin bu gün də uğurla davam etdirilməsinin bariz nümunəsi kimi sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə nümayəndə heyətinin Rusiyaya səfəri, bu səfər çərçivəsində müzakirə olunan məsələlərin ölkələrimizin bütün sahələrinə, o cümlədən iqtisadi həyatına verəcək töhfələri, gömrük işi sahəsində ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi, bu sahədə hüquq müqavilə bazasını gücləndirəcək iki sənədin imzalanmasının əhəmiyyəti vurğulanıb. Daha sonra, görüşün gündəliyinə müvafiq olaraq, Azərbaycan DGK və Rusiya Federal Gömrük Xidməti arasında müəyyən növ mallara münasibətdə gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması haqqında 3 iyul 2015-ci il tarixli Protokolun həyata keçirilməsi, növbələrin yaranmasının qarşısının alınması məqsədilə hər iki ölkənin gömrük orqanları arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, malların idxalı və ixracı zamanı gömrük dəyərinə nəzarətə dair Azərbaycan Respublikasının qanunvericiliyi və normativ sənədlərlə tanışlıq, həmçinin malların mənşəyi barədə elektron sertifikatlar sisteminin yaradılmasına dair məsələlər müzakirə olunub.