"Əhaliyə göstərilən xidmətlər vahid platforma üzərindən elektron formada təqdim ediləcək"


Digərləri 06 Sen 2018 14:26:00 241 0

"Əhaliyə göstərilən xidmətlər vahid platforma üzərindən elektron formada təqdim ediləcək"

Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində dövlət xidmətlərinin elektron texnologiyalar üzərində, tam şəffaf və operativ şəkildə qurulmaqla, həmin sahələrdə innovativ idarəetmənin təmin edilməsi, korrupsiya, sui-istifadə və süründürməçilik hallarının qarşısının alınması Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq aparılan sistemli islahatların mühüm bir istiqamətini təşkil edir.

Son.az Trend-ə istinadən xəbər verir ki, dövlət başçısının 5 sentyabr 2018-ci il tarixdə imzaladığı "Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında" Fərman bu istiqamətdə tədbirlərin daha geniş müstəvidə davam etdirilməsinə, əmək və sosial müdafiə sahələrində modern və çevik idarəetmənin, şəffaf və operativ xidmətlərin təşkili işlərinin gücləndirilməsinə xidmət edir.

Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sistemləri əsasında "Mərkəzləşdirilmiş elektron informasiya sistemi" (MEİS) yaradılmaqla, üç ay müddətində "e-sosial" internet portalı formalaşdırılacaq ki, bu da nazirliyin fəaliyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin vahid platforma üzərindən elektron formada təqdim edilməsinə imkan verəcək. Belə bir portalın - "e-sosial" internet portalının yaradılması Azərbaycan Prezidenti tərəfindən ötən ay imzalanmış "Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanın icrası olaraq, nazirliyin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və DOST mərkəzlərinin yaradılması üçün zəruri elektron infrastrukturun formalaşmasında xüsusi önəm kəsb edir. Bu infrastruktur əsasında əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və digər aidiyyəti sahələrdə xidmətlərin "bir pəncərə" prinsipi üzrə təkmil və sistemli, sadələşdirilmiş, eyni zamanda bir-biri ilə əlaqələndirilmiş şəkildə, tam şəffaf, operativ və vətəndaşlarla açıq iş şəraitində əhaliyə təqdim edilməsi təmin olunacaq.

Həmçinin 5 sentyabr 2018-ci il tarixli Fərmana uyğun olaraq MEİS-də altı ay müddətində məşğulluq altsisteminin qurulması məşğulluq xidmətlərinin elektron şəkildə həyata keçirilməklə təkmilləşməsinə, bu xidmətlərin operativliyinə və şəffaflığına, işsiz və işaxtaranlara daha əlçatan olmasına, məşğulluq xidmətlərinin idarəedilməsi mexanizminin səmərəli təşkilinə şərait yaradacaq. Məşğulluq altsisteminin qurulması ölkədə vahid məşğulluq portalının yaradılmasında vacib alət kimi mühüm əhəmiyyət daşıyır.