Allah Təala Quranda kimlərə salam edir?


Digərləri 04 Sen 2018 21:45:00 247 0

Allah Təala Quranda kimlərə salam edir?

Uca olan Allah Öz Müqəddəs Kitabında kimlərə müqəddəs salamını çatdırır?

Son.az deyerler.org-a istinadən bildirir ki, bəzi nümunələr diqqət edək:

Allahın ayələrinə iman gətirənlərə.

"Bizim ayələrimizə iman gətirənlər sənin yanına gələndə onlara "salam olsun sizə! Rəbbiniz Özünə (bəndələrə qarşı) rəhmli olmaq qərarını vermişdir ki, sizdən kim nadanlıq üzündən pis bir iş görsə, ondan sonra tövbə edib (öz işini) düzəltməklə məşğul olsa, şübhəsiz, Allah çox bağışlayan və mehribandır" de!". ("Ənam" surəsi, 54)

Müsibət və çətinliklərdə səbir edənlərə

"O kəslərə ki, onlara hər hansı bir müsibət gəldikdə "həqiqətən, biz Allahınıq (bizim yaradılışımız, qorunmağımız, işlərimizin idarə edilməsi və yox edilməyimiz Onun əlində olduğu üçün Onun həqiqi malı, mülküyük) və həqiqətən, Ona tərəf qayıdacağıq" deyərlər.

Onlar Rəbbi tərəfindən salamlar və rəhmət yetişən kəslərdir və onlardır hidayət olunmuşlar!". ("Bəqərə" surəsi, 156-157)

Səbir və dözümlülük nümayiş etdirənlərə.

"Səbir və dözümlülüyünüzün müqabilində salam olsun sizə!". ("Rəd" surəsi, 24)

Təqva sahiblərinə - Allahın halal-haramına riayət edənlərə.

"Və həqiqətən təqvalılar (o dünyada) bağlarda və bulaqlar(ın başın)da olacaqlar.

(Daxil olan zaman onlara) "(Allah və mələklər tərəfindən olan) salamla oraya daxil olun ki, (hər hansı bir zərər-ziyandan, xüsusilə fani olmaqdan və müddətin sona çatmasından) amanda olacaqsınız". ("Hicr" surəsi, 45-46)

Pak halda ölənlərə.

"O kəslər ki, mələklər, canlarını onlar (küfr və itaətsizlik çirkinliyindən) pak olan halda alarkən (onlara) "salam olsun sizə, etdiklərinizin mükafatı olaraq Cənnətə (hələlik Bərzəx aləmindəki Cənnətə, Qiyamətdən sonra isə əbədi Cənnətə) daxil olun" deyərlər". ("Nəhl" surəsi, 32)

Həqiq iman gətirənlərə.

"İman gətirən və yaxşı işlər görən kəslər Rəbbinin iznilə əbədi qalacaqları (və evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edilərlər. Onların (bir-birlərinə, yaxud Allah və mələklərin onlara) oradakı xeyir-duaları "salam"dır". ("İbrahim" surəsi, 23)

Dünyada ikən Allaha asi olmayan və təkəbbürlü olmayan bəndələrə.

"Həmçinin ata-anasına yaxşılıq edən idi və əsla təkəbbürlü, məğrur və itaətsiz deyildi. Salam və (hər bir qorxu və əzabdan) əmin-amanlıq olsun ona o gün ki, doğuldu, o gün ki, öləcək və o gün ki, diri(ldilərək) qaldırılacaq". (Məryəm surəsi,14-15)

Ana və atası ilə gözəl davrananlara.

"Və məni anama xeyirxah edib və təkəbbürlü, itaətsiz və rəhmətdən məhrum etməyib. Salam olsun mənə o gün ki, doğuldum, o gün ki, öləcəyəm və o gün ki, diri(ldilərək) qaldırılacağam". (Məryəm surəsi, 32-33)

Dogru yola hidayət olunub, əməl edənlərə.

"Həqiqətən biz sənə Rəbbin tərəfindən bir nişanə və möcüzə gətirmişik. Salam olsun doğru yola tabe olan hər bir kəsə!". ("Taha" surəsi, 47)