Yasamal rayonunda daha iki küçənin təmiri yekunlaşır (FOTO/VİDEO)


Digərləri 04 Sen 2018 16:37:24 276 0

Yasamal rayonunda daha iki küçənin təmiri yekunlaşır (FOTO/VİDEO)

Yasamal rayonunda yenidən qurulan Əsəd Əhmədov küçəsindən sonra Məhəmməd Xiyabani və “A Keçidi” küçələrinin də əsaslı şəkildə aparılan təmiri işləri yekunlaşmaq üzrədir.

Bakı. Yasamal rayonunda yenidən qurulan Əsəd Əhmədov küçəsindən sonra Məhəmməd Xiyabani və “A Keçidi” küçələrinin də əsaslı şəkildə aparılan təmiri işləri yekunlaşmaq üzrədir. Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, hazırda Məhəmməd Xiyabani küçəsinin Bakı Dairəvi-1 avtomobil yolu ilə kəsişməsindən “A Keçidi” küçəsi ilə kəsişməsinədək olan 550 metrlik hissəsi və “A Keçidi” küçəsinin Məhəmməd Xiyabani və Əsəd Əhmədov küçələri arasında yerləşən 400 metrlik hissəsi təmir edilir. Küçələr uzun müddət əsaslı təmir olunmadan istismar edildiyindən yolun hərəkət hissəsi deformasiyaya uğramış, qabarmalar, çökmələr və çatlar əmələ gəlmişdi. Üstəlik küçələr boyu piyadalar üçün bəzi hissələrdə səkilərin olmaması, mövcudlarının isə dağılması bütün hərəkət iştirakçıları üçün problemlərə gətirib çıxarırdı. Bu üzdən küçələrin əsaslı şəkildə təmir olunması zərurəti yaranmışdı. Təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı 6 min kv.m sahədə frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu 22 min kub.m həcmdə qazılaraq çıxarılıb, qazılmış və genişləndirilmiş ərazilərə isə 30 min kub.m-dən çox yararlı material tökülərək kipləşdirmə işləri aparılıb. Bu işlərin ardınca zəruri olan ərazilərdə 5800 kub.m həcmdə yol əsası inşa edilib. Daha sonra həmin ərazilərə əlaqələndirici bitum səpilməklə düzləndirici asfalt-beton qatı döşənib. Texnoloji ardıcıllığa uyğun olaraq növbəti mərhələdə küçələrə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. İri və xırda dənəli olmaqla küçələrin 26 min kv.m sahəsinin asfaltlanması nəzərdə tutulub. Tikinti norma və qaydalarına uyğun olaraq, 8 yerdə yolun altından 74 metr uzunluğunda 250 mm-lik ehtiyyat borular atılıb, səth sularının yoldan normal kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa olunub və zəruri olan yerlərdə yeni sistem qurulur. Bunun üçün 7 yerdə 250 mm diametrində və 100 metr uzunluğunda borular quraşdırılıb, 22 ədəd yeni yağış barmaqlıqları, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq 52 ədəd yei baxış qapaqları qoyulacaq.