İqtisadçı deputatdan Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlar


Digərləri 04 Sen 2018 15:55:26 239 0

İqtisadçı deputatdan Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlar

Azərbaycan iqtisadiyyatı getdikcə güclənərək əhalini həyat şəraitinin daha da yaxşılaşmasına xidmət edəcək.

Bakı. Azərbaycan iqtisadiyyatı getdikcə güclənərək əhalini həyat şəraitinin daha da yaxşılaşmasına xidmət edəcək. Bunu Trend-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib. T.Mirkişili qeyd edib ki, Azərbaycanda aparılan iqtisadi və idarəetmə islahatları dərin və əhatəlidir: "Dövlət başçısı İlham Əliyevin 2016-cı il 6 dekabr fərmanı ilə təsdiq edilmiş "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri" aparılan iqtisadi islahatların strategiyasını müəyyən edir. Davamlı olaraq aparılan islahatların əsas hədəfi ölkədə davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin, inklüzivliyinin və sosial rifahın daha da artırılmasının təmin edilməsidir. İslahatlar nəticəsində gözlənilən nəticə investisiyaların cəlbi, azad rəqabət mühiti, bazarlara çıxış və insan kapitalının inkişafı nəticəsində Azərbaycanın dünya iqtisadiyyatında mövqeyinin güclənməsi və yüksək gəlirli ölkələr qrupuna daxil olmasıdır". Millət vəkili vurğulayıb ki, aparılan iqtisadi islahatlar artıq iqtisadi rəqəmlərdə də öz əksini tapır: "Belə ki, 2018-ci ilin birinci yarısının yekunu üzrə Azərbaycanda Ümumi Daxili Məhsul istehsalı 1.3% artıb. Bundan əlavə, qeyri-neft sektoru 2%, qeyri-neft sənayesi 8.8%, kənd təsərrüfatı məhsullarının istehsalı isə 7.6% artıb. İqtisadiyyatın bu artımı xarici ticarətin də həcminin artmasına səbəb olub. Bu dövrdə xarici ticarət dövriyyəsi 35% artıb. İxracın həcmi 34%, o cümlədən qeyri-neft məhsullarının ixracı 20% artıb. Xarici ticarətdə ixrac idxalı 4.2 milyard dollar üstələyib ki, bu da ölkənin tədiyə balansına müsbət təsir etməkdədir".