Yaponiya Azərbaycan iqtisadiyyatına 7 milyard dollara yaxın investisiya yatırıb


Digərləri 03 Sen 2018 20:15:06 269 0

Yaponiya Azərbaycan iqtisadiyyatına 7 milyard dollara yaxın investisiya yatırıb

Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının icraçı direktoru ilə müzakirələr aparılıb

Bakı. İqtisadiyyat naziri Şahin Mustafayev Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının icraçı direktoru Kazuhiko Tanaka ilə görüşüb. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə nazir Ş.Mustafayev Azərbaycan və Yaponiya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib, əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 9 iclası keçirilib. Azərbaycanda ticarət, xidmət, kənd təsərrüfatı, tikinti, sənaye sahələrində 30 yapon şirkəti fəaliyyət göstərir. Yaponiya Azərbaycan iqtisadiyyatına 7 mlrd. dollara yaxın investisiya yatırıb ki, bunun 100 milyon dollardan çoxu qeyri-neft sənayesinə yönəldilib. Qeyri-neft sektorunun inkişafının Azərbaycan iqtisadiyyatının prioritet istiqaməti olduğunu qeyd edən Ş.Mustafayev ölkələrimiz arasında bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu bildirib. Ş.Mustafayev Yaponiya ilə digər sahələrdə olduğu kimi, maliyyə sahəsində də uğurlu əməkdaşlıq həyata keçirdiyini qeyd edib. Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankı 1996-cı ildən Azərbaycanla əməkdaşlıq edir, bir sıra layihələrə uzunmüddətli kredit ayırır.