Dünyanın diaspor təşkilatları –


Dünya 03 Sen 2018 12:05:00 261 0

Dünyanın diaspor təşkilatları –

Hazırda dünyanın siyasi arenasında ciddi yükə malik müxtəlif ölkələrin diasporları fəaliyyət göstərir. Diaspor özlüyündə bir ölkədən digərinə miqrasiya etmiş millətin nümayəndələrinin toplusudur.

Onlar əsasən fəaliyyət göstərdikləri ölkənin siyasi xəttinə təsir etməklə yanaşı eyni zamanda öz ölkəsinə yardım etmək kimi də fəaliyyət aparırlar.

Bu sahədə hətta dünyanın aparıcı təşkilatları tərəfindən müxtəlif proqramların da tətbiq edildiyini misal çəkmək olar. Belə ki, 2006-cı ildə Dünya Bankı İnstitutu "Diaspor şəbəkələri və beynəlxalq miqrasiya bacarıqları: ölkələr necə istedadlarını xaricdə istifadə edə bilərlər" mövzusunda bir nəşr hazırlayıb. Bu mövzunu araşdırmaq üçün müəlliflər Salvador, Argentina, Ermənistan, Çili, Meksika və Cənubi Afrikada eksperimental layihə hazırlayıb və işə salıblar.

Layihə özlüyündə miqrasiya səbəblərini və gətirəcəyi problemlərlə yanaşı, həmçinin diasporun öz dövlətinə qazandıra biləcəyi xeyirləri də araşdırıb. Belə ki, miqrasiyanın hazırda ən geniş yayılmış forması - beyin axını, yəni, insan resursunun itirilməsidir. Beləliklə insanlar daha az inkişaf etmiş ölkələrdən, daha yaxşı inkişaf etmiş ölkələrə miqrasiya edirlər. Bu həmin ölkə üçün ən dəyərli kapitallardan birinin itirilməsi kimi qiymətləndirilsə də bunun ona xeyir gətirdiyi hallar da müşahidə olunur. Belə ki, xaricə miqrasiya etmiş çinlilər öz ölkələrinin 1985-2000-ci illərdə xarici investisiyasının 70 faizini təmin ediblər.

Bu gün dünyada müxtəlif ölkələrin diasporları ciddi fəaliyyət göstərirlər. Diaspor sözünün tarixinə nəzər salsaq, görərik ki, bu, yunancadan tərcümədə "səpələnmək" mənasını ifadə edir. Xalqların miqrasiyası dünya tarixində Karfagen kimi nəhəng şəhər və şəhər dövlətlərin yaranmasına gətirib çıxarıb. İlk miqrasiya etmiş xalqlara isə biz finikiyalıları, yəhudiləri və yunanları misal göstərə bilərik. Onları ilk diaspor nümayəndələri kimi də qiymətləndirmək olar. Burada qeyd edilməli məsələ isə XIX əsrə kimi əsasən öz yaşadıqları tarixi torpaqlarını məcburi şəkildə tərk etmiş yəhudi milləti ilə bağlıdır (e.ə. 586-cı ildə Babilin, eramızın 136-cı ilində isə Romalıların təsiri ilə).

XIX əsrdə bu sözə münasibətdə fərqli olmağa başlasa da hələ də bu sahədə müzakirələr (əsasən yəhudi millətinin təkidi ilə) davam etdirilir.

Yuxarıda qeyd etdiyim kimi diaspor digər ölkəyə immiqrasiya etmiş nümayəndələridir. Deməli, onun tarixini həmin xalqın miqrasiya tarixini araşdırmaqla başlamaq lazımdır.

Son.az xəbər verir ki, modern.az dünyanın ən nəhəng diasporlarının tarixini araşdırıb.

Diasporlardan danışdıqda dünyanın ən böyük say çoxluğuna malik olanı təbii ki, Çin diasporudur (yerli adı ilə Xuaytsyao). Çinin miqrasiya tarixi çox zəngin olduğu üçün Çin diasporunun dünya üzrə üzvlərinin sayı 50 milyona çatıb. Onun ilk miqrasiya tarixi 14-cü əsrdə Min sülaləsi zamanına təsadüf edir. Bu zaman bir çox çinlilər ticarəti mənimsəmək üçün Hindistan və digər qonşu ölkələrə göndərilib. Çinlilərin Siam və cənub-şərqi Avropa ölkələrinə kütləvi miqrasiyası XIX əsrin ortalarında başlayıb. Bu zaman isə aclıqdan canlarını qurtarmaq istəyən çinli kəndlilər miqrasiya etdikləri ölkələrdə ucuz işçi qüvvəsinə çevrilib. Hazırda say çoxluğuna görə ən güclü Çin diasporları Sinqapur və Malayziyada fəaliyyət göstərir.

BMT-nin inkişaf proqramına əsasən Hindistan diasporu dünyanın ən nəhəng ikinci diasporu hesab edilir. Onun hazırki üzvlərinin sayı 25 milyondan artıqdır. Müxtəlif vaxtlarda hindlilər (qaraçılar da daxil olmaqla) Avropaya və şərqi Asiyaya köç ediblər. Hindli tacirlərin miqrasiyası isə orta Asiya və İran ərazisinə XVI əsrdən başlayaraq 4 əsr davam edib. 1838-ci ildən 1917-ci ilə kimi Britaniya Hindistanından Karib adalarına yarım milyona yaxın hindli ucuz işçi qüvvəsi olaraq gətirilib. Belə ki, 1830-cu ildə quldarlıq ləğv edildiyindən və Avropadan işçilərin cəlb edilməsində çətinliklər yarandığından bu addım atılıb. Daha sonra bu hindlilər ABŞ, Kanada, Hollandiya və Latın Amerikası ölkələrinə miqrasiya ediblər. 2003-cü ilin yanvarın 9-dan Hindistan Diasporu Günü qeyd edilir. Bu gün xüsusi olaraq Mahatma Qandinin Cənubi Afrika Respublikasından Hindistana qayıtmasının şərəfinə seçilib.