"Azercell"in Barama mərkəzində 25 məktəbliyə pulsuz proqramlaşdırma dərsləri keçirilib (FOTO)


Digərləri 31 Avq 2018 17:45:31 218 0

"Azercell"in Barama mərkəzində 25 məktəbliyə pulsuz proqramlaşdırma dərsləri keçirilib (FOTO)

“Barama Junior: Coding Kids IT Summer School” layihəsi uğurla başa çatıb

Bakı. “Azercell Telekom” MMC və PAŞA Bankın dəstəyi ilə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin uşaqlarda rəqəmsal sahəyə marağı artırmaq və rəqəmsal ekosistemin inkişafına dəstək olmaq məqsədi ilə həyata keçirdiyi “Barama Junior: Coding Kids IT Summer School” layihəsi uğurla yekunlaşıb. “Azercell Telekom”dan Trend-ə verilən məlumata görə, dərslərdə iştirak edən məktəblilərin, o cümlədən, valideynlərin, müəllimlərin və qonaqların iştirakı ilə layihənin başa çatmasına həsr olunan xüsusi tədbir keçirilib. Barama Mərkəzinin koordinatoru Fidan Tofidi layihənin hər kəs tərəfindən maraqla qarşılanmasını və təlimdə iştirak üçün müraciət sayının çoxluğunu sevindirdirici hal kimi qiymətləndirib: “İlk 8 gün ərzində 300-dən çox məktəbli layihədə iştirak üçün qeydiyyatdan keçdi. “Barama Junior: Coding Kids IT Summer School” layihəsinə başlayan zaman bizim bir məqsədimiz var idi: gələcəyimiz olan uşaqlara faydalı olmaq. Ümid edirəm, bu məqsədimizə nail olduq”- deyən mərkəzin koordinatoru, aparılan seçimlər nəticəsində 25 məktəblinin proqramda iştirak etdiyini bildirib. Tədbirdə təlimin iştirakçısı olan məktəblilər və valideynlər də layihə ilə bağlı öz təəssüratlarını bölüşüblər. Mərasimin sonunda məktəblilərə sertifikat və hədiyyələr təqdim edilib.