Qarabağ münaqişəsində itkin düşənlərin ailə üzvlərindən 5000dən çox bioloji istinad nümunəsi toplanılıb


Digərləri 30 Avq 2018 11:51:37 245 0

Qarabağ münaqişəsində itkin düşənlərin ailə üzvlərindən 5000dən çox bioloji istinad nümunəsi toplanılıb

Bu gün müxtəlif şəraitlərdə itkin düşmüş milyonlarla insanın anılması üçün Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü kimi qeyd olunur.

Son.az xəbər verir ki, bu münasibətlə Beynəlxalq Qızıl Xaç Komitəsindən (BQXK) Trend-ə daxil olan məlumatda deyilir: "Biz bu gün həmin şəxslərin ailələri ilə həmrəyliyimizi və bu çətin durumda onların yanında olduğumuzu qeyd etmək istəyirik. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş minlərlə şəxsin ailələri ümid və əlacsızlıq içində yaşamağa davam edirlər. Yeni xəbərin olmadığı hər bir gün yaxınlarının taleyinin aydınlaşdırılmasını gözləyən insanlar üçün narahatlıq və qeyri-müəyyənliklə dolu növbəti günə çevrilir.

Artıq onilliklərdir ki, Beynəlxalq Qızıl Xaç Komitəsi regionda itkin düşmüş şəxslərin talelərinin aydınlaşdırılması ilə bağlı fəaliyyətlər həyata keçirir və itkin ailələrinə cavab verilməsi üçün dövlət qurumlarına dəstək göstərir. BQXK-nın Bakı və Yerevan nümayəndəlikləri və Dağlıq Qarabağın missiyası bu münaqişə nəticəsində itkin düşmüş 4500-dən çox insan qeydə alıb.

1992-ci ildə iki oğlu itkin düşmüş Simuzər İbrahimova bu gün də onların bir gün geri qayıdaraq qapını döyəcəkləri ümidi ilə yaşayır: "Onların hər ikisi yoxa çıxdılar. Sanki heç vaxt olmayıblar. Evə hər dəfə maşın yaxınlaşanda mənə elə gəlir ki, onlar geri qayıdıblar və indi qapını döyəcəklər. Bundan sonra hər keçən dəqiqə isə bu ümidi söndürür".

Bu gün, Beynəlxalq İtkin Düşmüş Şəxslər Günündə il boyu keçirilən bir sıra anım mərasimlərindən biri də Şəkidə təşkil olunub. İtkin düşmüş şəxslərin ailələri qarşısında çıxış edən BQXK-nın Müdafiə proqramı üzrə əməkdaşı Qumral Aslanova doğma insanın taleyini bilmədən yaşamağın çətinliyini vurğulayıb: "Bizə yaxın olan şəxsin həyatını itirməsi çox faciəvi bir haldır. Lakin biz bu hüznlə qarşılaşsaq da, bir müddət sonra onların xatirələri ilə yaşayaraq normal həyatımıza qayıda bilirik. Ailə üzvünün itkin düşməsi isə sanki zamanı dayandırır. Ailələr bilmirlər ki, hüzn saxlasınlar, ya ümidlə gözləsinlər".