Zəlzələnin ziyan vurduğu evlər


Digərləri 29 Avq 2018 19:42:00 261 0

Zəlzələnin ziyan vurduğu evlər

Avqustun 28-də cənub bölgəsində - Lerik rayonunda 5,1, 3,7, 3,1 bal gücündə baş verən zəlzələlər nəticəsində bölgədə ciddi dağıntı qeydə alınmasa da, Lerik, Lənkəran və Astara rayonlarının yaşayış məntəqələrində köhnə tikililərdə çatlar əmələ gəlib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, zəlzələdən ziyan çəkmiş evlərin əksəriyyəti köhnə, çiy kərpicdən olan tikililərdir. Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov bildirib ki, təkanlardan sonra 40-a yaxın fərdi yaşayış evində iri və xırda çatların yaranması ilə bağlı müraciət daxil olub. Ən çox müraciətlər rayonun Züvüc, Bürsülüm, Tükaban, Pirəsora kəndlərindən olub. Artıq qabaqlayıcı tədbirlərin görülməsi üçün müvafiq qurumlara xəbər verilib. Hazırda rayonda ziyan dəymiş yaşayış evlərinin sayı dəqiqləşdirilir.

Lənkəranda da zəlzələ şəhərin bir sıra hündürmərtəbəli binalarının divarlarında çatlar əmələ gətirib. Rayonun İstisu qəsəbəsi, Rvo, Mollakənd, Əşlə, Şovu, Siyablı, Diryan, Lüvəsər, Türkəkəran, Sütəmurdov kəndlərində, ümumilikdə, 100-ə yaxın evdə irili-xırdalı çatlar əmələ gəlib.

Astara rayonunda Lerik rayonu ilə qonşu olan dağ kəndlərində - Ovala, Miki, Siyəkü kəndlərində 20-yə yaxın tikilidə çatlar yaranıb.


Xəbərə aid fotolar