Aztəminatlı ailələrdən olan 100-dən artıq uşaq üçün ali təhsil almaq imkanları


Digərləri 28 Avq 2018 19:42:38 276 0

Aztəminatlı ailələrdən olan 100-dən artıq uşaq üçün ali təhsil almaq imkanları

Layihənin iki mərhələsində ümumilikdə 121 nəfər iştirak edib.

Bakı. Bu gün BP və onun Azəri-Çıraq-Günəşli (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları – SOCAR, TPAO, PETRONAS, Chevron, LUKOİL, NİCO, Equinor, INPEX, ExxonMobil, SGC, ITOCHU, ONGC, TOTAL, Eni – “Gələcəyini Qur” layihəsinin 85 iştirakçısının bu il universitetlərə qəbul olmasını böyük bir tədbirlə qeyd edib. BP-dən Trend-ə verilən məlumata görə, bu layihə BP və tərəfdaşlarının onların əməliyyatlarının qonşuluğunda yaşayan icmalarda davamlı inkişaf imkanları yaradılmasına dəstək olmaq öhdəliyinin bir hissəsidir. Layihənin məqsədi aztəminatlı ailələrdən olan gənclərin universitetlərə hazırlaşmasına şərait yaratmaqdır. Layihə iştirakçılarına 11-ci sinif şagirdləri və eləcə də fiziki imkanları məhdud olan yaxud xüsusi qayğıya ehtiyacı olan orta təhsilli gənclər daxildir. Bu vaxtadək layihə iki mərhələdə (2017 və 2018) həyata keçirilib və Qaradağ, Kürdəmir, Ucar, Ağdaş və Yevlax rayonlarında yaşayan bir sıra icmaları əhatə edib. Layihə 2017-ci ildə Qaradağ rayonundakı icmalarla başlayıb və növbəti ildə onun əhatə zonası genişlənərək BP-nin əməliyyatçısı olduğu boru kəmərləri boyunca yerləşən əlavə dörd rayonu da əhatə edib. Bununla yanaşı layihəyə fiziki imkanları məhdud olan gənclərin də qoşulmasına imkan verən yeni elementlər əlavə olunub. Layihənin iki mərhələsində ümumilikdə 121 nəfər iştirak edib və bunlardan da 110 nəfəri, ümumilikdə iştirakçıların 91%-i, ali məktəblərə qəbul imtahanlarının tələblərinə cavab verərək tələbə adını qazanıblar. Əvvəlki 2 mərhələnin uğurlu nəticələrinə əsaslanaraq 2019-cu ildə layihənin 3-cü mərhələsini həyata keçirmək qərara alınıb. Layihə üzrə proqram iki komponentdən ibarətdir – məşğələlər vasitəsilə qəbul imtahanlarına hazırlığa dəstək olan akademik biliklər və müxtəlif fəaliyyətlər və tədbirlər vasitəsilə sosial inteqrasiya.