Birinci sinfə qəbul üzrə 44 880 sorğu yerləşdirilib


Digərləri 28 Avq 2018 12:32:00 300 0

Birinci sinfə qəbul üzrə 44 880 sorğu yerləşdirilib

Avqustun 28-nə (saat 10:30) olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 44 880 sorğu yerləşdirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Son.az-a verilən məlumata görə, onlardan 42 306-sı ümumi təhsil məktəblərini, 2 574-ü isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 95 faizinə yaxındır.

Bu il ilk dəfə olaraq, məktəbəhazırlıq qrupunda təhsil alan uşaqlar üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilib. Məhz bu qaydanın tətbiqi məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərini əlavə qayğılardan azad edib. Belə ki, məktəbəhazırlıq qruplarına cəlb olunmuş 24 000-dən çox uşaq avtomatik I sinfə qəbul üzrə qeydə alınıb.

Qeyd edək ki, "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin yerinə yetirilməsini təmin etmək məqsədilə tətbiq olunan elektron sistem vasitəsilə I sinfə şagird qəbulu BŞTİ tərəfindən ərizələrin onlayn qeydiyyatı vasitəsilə həyata keçirilir.