“Qarovul rəisi “Qoca” və Əli Ağamidən pul alıb…”


Digərləri 27 Avq 2018 13:47:00 316 0

“Qarovul rəisi “Qoca” və Əli Ağamidən pul alıb…”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində polis əməkdaşı Rəşad Məmmədov ifadə verib.

O, "Qoca" ləqəbli Etibar Məmmədovun zərərsizləşdirilməsi üçün keçirilən əməliyyatda iştirak edən polis əməkdaşlarından biridir. R.Məmmədov deyib ki, Etibar Məmmədovu Nəvahı postundan üzü Bakı istiqamətində gələrkən saxlamaq üçün əməliyyat keçiriblər. Polis əməkdaşı söyləyib ki, Etibar Məmmədov və yanında olan iki nəfər polisin əmrinə tabe olmadıqları üçün onlara atəş açıblar.

Digər polis əməkdaşı Ramil Səlimov isə bildirib ki, əməliyyat zamanı öz şəxsi avtomobili ilə orada olub. R.Səlimov qeyd edib ki, maşınına heç bir zərər dəyməyib. Əməliyyatla bağlı suallara cavab verən R.Səlimov şübhəli şəxslərin polisin əmrinə tabe olmadıqlarını, müqavimət göstərərək atəş açdıqlarını deyib.

Məhkəmə prosesində digər zərərçəkmiş polis əməkdaşları da ifadə verib. Məlum olub ki, Etibar Məmmədov polis əməkdaşlarına atəş açdıqdan sonra təslim olmamaq üçün bıçaqla bədəninə xəsarət yetirib. Polis əməkdaşları təqsirləndirilən şəxslərə qarşı şikayət və tələblərinin olmadıqlarını bildiriblər.

Prosesin davamında Penitensiar Xidmətin əməkdaşı olmuş Elvin Namazov da şahid qismində ifadə verib. O, dustaqlar qaçan zaman qatarda xidmətdə olan konvoy əməkdaşlarından biridir. Elvin Namazov söyləyib ki, həmin dustaqlara nəzarət etməyib, sadəcə, qarovul xidmətində olub. E.Namazov qatardan qaçan dustaqlar Əli Ağami və "Qoca"nı bir neçə dəfə qarovul rəisinin otağında gördüyünü söyləyib.

Elvin Namazovun istintaqda verdiyi ifadəsi ilə indiki ifadəsi arasında ziddiyyətlər olduğu məlum olub. Belə ki, E.Namazov ifadəsində qarovul rəisinin Əli Ağami və "Qoca"dan pul aldığını və onlara müəyyən imtiyazlar yaradıldığını deyib.

Amma E.Namazov bunu təsdiqləməyib və söyləyib ki, həmin sözlər ondan ifadə alan müstəntiqin fikirləridir: "Müstəntiq dedi ki, orada dustaqlardan pul alıblar. Mən də görmədiyimi dedim".

Proses davam edir.