Suda doğuş necə olur?


Digərləri 25 Avq 2018 07:51:00 340 0

Suda doğuş necə olur?

Suyun doğuş vaxtı rahatlaşdırıcı effektinin məlum olması çox keçmişə dayansa da, elmi cəhətdən əsaslandırılmış şəkildə 1980-ci illərdə tətbiq olunmağa başlayıb.

Mişel Oden Fransada, digər həmkarları ilə birlikdə idarə etdiyi xəstəxanada təbii doğuş qədər suda doğuşa da xüsusi önəm vermişdi.

Son.az vib.az-a istinadən bildirir kiƏ, suda doğuşun tətbiqi mövzusunda öndə gedən ölkələrdən biri də İngiltərədir. Hazırda İngiltərədə demək olar ki, hər xəstəxanada suda doğuş bölmələri mövcuddur. Bundan başqa Almaniya, Hollandiya və xüsusilə digər Şimali Avropa ölkələrində də suda doğuş metodu doğuşa hazırlaşan analara seçim olaraq rahatlıqla təklif olunur.

Sudan istifadə doğuş vaxtı 3 müxtəlif formada aparıla bilər:

1. Suyun dərmandan əlavə rahatlaşdırıcı təsiri əsas götürülür və açılış başlayan anda ana hovuza daxil olur. Amma doğuş burada baş vermir. Doğuş üçün ana hovuzdan çıxır. Bu, suyun təbii rahatlaşdırıcı kimi istifadə olunan formasıdır.

2. Başqa bir istifadə forması suya doğuş formasıdır. Yəni körpə doğulanadək ana hovuzda qalır və doğuşdan sonra körpə yenə hovuzdaca ananın qucağında olur.

3. Suyun rahatlaşdırıcı təsiri baxımından ana duş qəbul etməyə yönləndirilir.

Suyun dərmandan əlavə təbii rahatlaşdırıcı və ağrıkəsici təsiri elmi qaydada təsbit olunduğu üçün birinci təklif edilən forma barədə bütün ölkələrdə fikir birliyi mövcuddur. Bu istiqamətdə aparılan təcrübələrin heç birində risk halları aşkarlanmayıb. Təklif olunan digər iki forma barədə isə ayrı-ayrı ölkələrin mütəxəssisləri arasında fikir ayrılıqları mövcuddur. Son nəticədə doğuş zamanı sudan istifadə bütün dünya mütəxəssisləri tərəfindən dəstəklənir və tövsiyə edilir. Artıq bütün xəstəxanalarda doğuş zamanı sudan istifadə etmək üçün lazımi şərait yaratmaq vaxtı gəlib çatıb.

Suda doğuş forması isə müvafiq qaydalar və təhlükəsizlik tədbirləri görülmək şərti ilə quruda olan doğuş forması qədər rahatdır. Hər iki halda risk dərəcəsi eynidir.

Suda doğuş harada və hansı şəraitdə aparıla bilər?

Suda doğuş zamanı istifadə olunan hovuz istənilən yerdə quraşdırıla bilər. Bu növ doğuş üçün 2 cür mühit yaradıla bilər. Bunlardan birincisi sabit, möhkəm və sərt hovuzlardır. Bu cür hovuzların ən böyük problemi gigiyenik təmizliyini və sterilizə edilməsini təmin etməkdən ibarətdir. Digər mühit isə hava ilə doldurula bilən hovuzlardan təşkil olunur. Bu cür hovuzların birdəfəlik istifadə üçün nəzərdə tutulan üzlükləri olur. Ona görə də gigiyena və sterilizə edilməsi baxımından daha əlverişlidir. İstənilən otağa tez və rahat quraşdırılması və yumşaqlığı da digər üstün cəhətlərindəndir.

Suda doğuş necə həyata keçir?

Bu növ doğuş üçün əvvəlcədən bir neçə şərti yerinə yetirmək məqsədəuyğundur. Doğuşdan əvvəl ailənin müvafiq sahə üzrə mütəxəssisi tərəfindən maarifləndirilməsi şərtdir. Ailəyə qarşılaşa biləcəyi vəziyyət və bu vəziyyətlərdə necə davranmaq lazım olduğu barədə ətraflı məlumatlar verilməlidir. Beləliklə, ailə təşviş yaşamaz, doğuş prosesi daha sakit və rahat keçər.

Digər bir şərt ananın suda doğuş etmək üçün uyğun sağlamlığa malik olmasıdır. Riskli hamiləliklər üçün suda doğuş uyğun seçim deyildir.

Ailəyə dəstək olan mütəxəssislərin (xüsusilə birbaşa nəzarəti həyata keçirən mamaçanın) suda doğuş mövzusunda mütləq təcrübəsi olmalıdır. Xəstəxananın təcili vəziyyətlər üçün kifayət qədər heyəti və vəsaiti olmalıdır. Bu şərtlər daxilində suda doğuş həyata keçirilə bilər.

Doğuş tam açılış mərhələsinədək kənarda keçirilsə, daha yaxşıdır. Çünki ilkin mərhələdə suya daxil olmaq doğuşu gecikdirə bilər. Suyun hərarəti nə ananın üşüyə biləcəyi qədər soyuq, nə də onun tərləyə biləcəyi qədər isti olmalıdır. Bu baxımdan suyun müvafiq temperaturu daim nəzarətdə saxlanılmalıdır.

Adətən suya girdiyi andan ana dinclik və rahatlıq hiss etməyə başlayır. Suyun həm qaldırma qüvvəsi ananı rahatlayır, həm də suya daxil olduqda ifraz olunmağa başlayan endorfin hormonu gərginliyi azaldır. Bəzi analar suya daxil olduqdan sonra doğuş sancılarının dayandığını desələr də, müayinələr zamanı əksinə, doğuş sancılarının artdığı təyin edilib.