Füzuli və Cəbrayıl rayonlarının işğalından 25 il ötür


Digərləri 23 Avq 2018 00:01:00 293 0

Füzuli və Cəbrayıl rayonlarının işğalından 25 il ötür

Bu gün Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 25 il ötür.

Bakı. Bu gün Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 25 il ötür. Trend-in məlumatına görə, 1993-cü il avqustun 23-də Füzulinin 51 kəndi və rayon mərkəzi ermənilər tərəfindən işğal olunub, 55 min nəfərə yaxın sakin doğma torpaqlarını tərk edib. Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayınadək sahəni əhatə edir, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Rayonun ərazisi 1386 kv.km, əhalisi təxminən 105 min nəfərdir. Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var. Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib. Hazırda ərazidə 51 min nəfər məcburi köçkün məskunlaşıb. Füzuli rayonu 1988-ci ildən başlayaraq mütəmadi olaraq ermənilərin hücumuna məruz qalıb. İşğal nəticəsində 1100-dən çox füzulili şəhid olub, 113 nəfər girov götürülüb, 1450 nəfər müxtəlif dərəcəli əlil olub.