Atası ilə birlikdə eyni ixtisasa qəbul olan qız:


Digərləri 22 Avq 2018 14:29:00 286 0

Atası ilə birlikdə eyni ixtisasa qəbul olan qız:

"Mən də, atam da ödənişli əsaslarla təhsil alacağıq. Bəlkə də mən oxuduğuma görə o, təhsilini davam etdirə bilmədi. Atam sırf heç bir imkansız abituriyentin yerini tutmamaq üçün ödənişli ixtisas yazdı".

Son.az xəbər verir ki, bu sözləri azedu.az-a açıqlamasında I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında iştirak edərək, atası ilə birgə tələbə adını qazanan Nərgiz Süleymanova deyib. O, atası ilə eyni fakültə və universitetdə təhsil alacaq. Bəlkə atası ilə qrup yoldaşı da oldu.

Kərəm Süleymanov və qızı Nərgiz Süleymanova Bakı Dövlət Universitetinin İnformatika ixtisasına qəbul olunublar. O, bildirib ki, atası ixtisas seçimində belə öz şagirdlərini düşünərək qərar verib:

"İnformatika ixtisasını riyaziyyat fənninə yaxın olduğu üçün seçdik. Həm də müasir elmdir və gələcək perspektivləri çoxdur. Atam da elə mənə görə bu ixtisası seçdi. Yəni, ixtisas seçiminə mən qərar vermişəm.

Atam o qədər bal toplamasına baxmayaraq, digər abituriyentlərin haqqına girməmək üçün ödənişli ixtisas yazdı. Dedi ki, "mən niyə imkansızların haqqına girim? Onsuz da bəlkə oxumadım". Ümumiyyətlə, o, I turda iştirak etmədi. Dedi ki, "şagirdlərim qəbul olunsun, mən II turda kodlaşdıraram. Sənin kimi digər abituriyentlər də var. Mən sənin tələbə olmağını nə qədər istəyirəmsə, onların da valideyni o qədər istəyir".

Mən də, atam da ödənişli əsaslarla təhsil alacağıq. Mən oxuyacağıma görə yəqin ki, ailədə bəzi problemlər yaranar və atam təhsilini davam etdirməyə  bilər. Buna baxmayaraq, atam heç bir imkansız abituriyentin yerini tutmamaq üçün ödənişli təhsili seçdi".

O bildirib ki, atası hər il qəbul imtahanı versə də, ixtisas seçimində bilərəkdən iştirak etmir:

"Əslində mən, qiyabi təhsil almaq istərdim. Amma müəllimlikdə qiyabi təhsil forması yox idi. Yalnız əyaniləri kodlaşdırdıq ki, eyni ixtisas və universitetə düşək.

Mən keçən il də Azərbaycan Kooperasiya Universitetinin Tətbiqi riyaziyyat fakültəsinə qəbul olundum. Amma bu fakültəni bitirən müəllim kimi çalışa bilmədiyinə görə orda təhsil almadım. Keçən il fərqli universitetlərin tələbəsi olduq. Atam da Gəncə Dövlət Universitetinin  Riyaziyyat və informatika ixtisasına qəbul olundu. O, hər il imtahan verib özünü sınayır. Amma heç də hər il sırf digər şagirdləri və abituriyentlərə mane olmamaq üçün ixtisas seçimində iştirak etmir. Bu il sırf mənə görə ixtisas da seçdi.

Əvvəl Azərbaycan Tibb Universitetinin Pediatriya, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunub. Atam Riyaziyyat, Fizika, Kimyanı özü bilir və bu fənlərdən şagird hazırlaşdırır.

Mən Azərbaycan dilindən də heç bir hazırlığa getməmişəm. Atam da bu fənni mənimlə bərabər oxuyub. Yalnız ingilis dilindən başqa repetitorun yanına getməli oldum. Çünki atam rus dilini seçmişdi. Atam növbəti illərdə 600 balı keçməyi qarşısına məqsəd qoyub".

O, atasının hamını təəccübləndirən müəllim fəaliyyətindən də söz açıb:

"Hələ ki, universitetdə qeydiyyatdan keçməmişik. Yəqin ki, ayın 25-i keçərik. Bəzi problemlər olmasa qeydiyyata da birlikdə gedəcəyik. Amma atam hələ oxuyub- oxumayacağına qərar verməyib. Onun savadına söz ola bilməz.

Bacım 5-ci sinifdə oxuyur. Hələ qəbul imtahanı verməyib. Atam onunla da qəbul imtahanında iştirak etmək istəyir. Bilirsiz ki, indi qəbul imtahanları da ödənişlidir. Amma  atam hər il 40, 80 manatından keçərək imtahan verir. Bəzi "repetitorları" imtahana aparsanız, bəlkə də heç dərs dedikləri ixtisasdan  imtahan verə bilməzlər. Atam isə ixtisasca müəllim deyil. Azərbaycan Texnologiya Universitetini bitirib və mühəndisdir. Amma 20-25 ildir ki, 3 fəndən şagird hazırlaşdırır.

Azərbaycan Tibb Univeesiteti, Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Diplomatik Akademiyasında oxuyan xeyli şagirdləri var".

Çox adam düşünür ki, atası ilə bir qrupda təhsil alan qız tələbəlik həyatı yaşaya bilməz...

"Sosial şəbəkələrdə də bu haqda yazırlar. Amma heç kəsə valideynindən daha əziz olan biri yoxdur. Məncə, universitetdə adı valideyni ilə qrup yoldaşı kimi hallanmaq özü ən böyük şərəfdir. Atama həmişə valideyndən çox müəllim kimi baxmışam.  Onu heç vaxt yalnız atam olduğuna görə tərifləməmişəm".

O, qəbul imtahanı zamanı atası ilə birgə yaşadığı maraqlı hadisəni xatırlayıb:

"Keçən il qəbul olunsam da, oxumadım. Bu il qəbul olacağıma inanırdım. Çünki insan qarşısına məqsəd qoysa, ona nail ola bilər.