Təranə Qumral: "Mənim qardaşım şəhid olmayıb ki, hansısa bir küçədən keçən..." FOTO


Şou-biznes 20 Avq 2018 19:25:00 398 0

Təranə Qumral: "Mənim qardaşım şəhid olmayıb ki, hansısa bir küçədən keçən..."  FOTO

Son.az "ölkə.az"-a istinadən müğənni Təranə Qumralın müsahibəsini təqdim edir.

- Təranə xanım, hardan başladınız, hara gəldiniz?

- Gəldiyimiz nöqtə gərgin bir nöqtədir. İşlər gərgin, vəziyyət çətin, problemlərimiz çox... Yaşımıza görə yaşayırıq. Nə gəncik, nə qocayıq. Orta yaşdayıq. Şükür Allaha övladlarımızı böyütmüşük, gözəl ailələri var, xoşbəxtdirlər. İkisinin də ailəsi var. İkisi də ali təhsillidir, birinci qızım diplomatdır, ikinci qızım həkimdir. Üçüncü qızım isə hələ evdədir. O, atasının yolunu davam etdirib, bəstəkar olmaq istəyir. Gözəl pianistdir. 

- Dayandığınız bu nöqtədən geriyə baxanda nə görürsünüz?

- Geriyə baxanda yaxşı günlər də var, pis günlər də... İnsan hər gün, hər saniyə xoşbəxt ola bilməz. İnsanın qəmli dəqiqələri də var, şən dəqiqələri də var. Evdən çıxırsan, bilmirsən nə ilə qarşılaşacaqsan. Bir insan elə bir söz deyir ki, xoşun gəlmir və məyus olursan. Kimsə desə ki, mən yaşadığım dövrdə ancaq xoşbəxt olmuşam, ancaq deyib-gülmüşəm, bilin ki, yalan deyir.

- İki qoçun başı bir qazanda qaynayıbmı?

- Məcbur etsən, qaynayacaq.

- Hansı fikirlər sizin fikirlərinizlə tərs mütənasibdir? Hansı insanların fikirləri ilə düz gəlmir fikirləriniz?

- Fikirlər müxtəlifdir. Tərs gələni də var, çəp gələni də var. Qədimi düşünən insanlarla, "gerizəkalı" insanlarla fikirlərimiz üst-üstə düşmür.

- Həmin insanlarla münasibətiniz necədir? Qaçırsınız onlardan?

- Ümumiyyətlə, şou-biznes aləmində yoxam. Şou-biznesdə dostum da yoxdur. İstər indi, istər keçmişdən. Mən özüm 25 ildir bu sənətdəyəm. Musa qocamandır. Amma yenə də, bu 25 il ərzində evimizə dəvət etdiyimiz çəkilişlərdən başqa, nə gələnimiz olub, nə getdiyimiz olub. 

- Müğənnidən dost olmaz prinsipidir, yoxsa necə?

- Bəlkə də olar. Bizim dostlarımız çoxdur. Amma sənət aləmində dostumuz yoxdur. Ünsiyyətdə olduğumuz, salam verdiyimiz insan çoxdur. Amma dost başqa şeydir.

- Təranə xanım, nə vaxtsız oldu?

- Vaxtsız çox şey oldu. Anamı itirdim, qardaşımı itirdim. Milli ordunun ilk şəhidi Firdovsi Məmmədov oldu. Vaxtsız atamı itirdim. Allah vaxtsız ayrılıqları heç kimə göstərməsin. Hər şey zamanında gözəldir.

- Şamla axtardığınız nədir?

- Allahın sevimli bəndəsiyəm, şamla heç nə axtarmamışam. Allahdan nə gəlirsə, xoş gəlir. Ona görə də şamla heç nə axtarmamışam. Şan-şöhrət dalınca da qaçan deyiləm. Şan-şöhrət dalınca qaçmış olsaydım, indi mən şanslı qadın olardım, hər şeyim olardı. Həmişə azı seçmişəm.

- Nəyiniz yoxdur indi?

- Həyatda yaşamaq üçün Allah mənə sağlam can verib, vid-fason verib, yaxşı həyat yoldaşı verib. Nə qədər əsəbi olur-olsun, əl qaldırmayıb mənə. Ailəsini sevən, balasını sevən, məni sevən bir həyat yoldaşım var. Və buna görə də, çox xoşbəxtəm.

- Musa bəyin əsəblərini necə sakitləşdirirsiniz?

- Musanın əsəblərini məndən başqa heç kim sakitləşdirə bilmir. Musa əsəbləşəndə, mənim bir kəlmə sözümlə sakitləşir. Durub qarşısında gözlərinin içinə baxıram, deyirəm ki, bu, belə deyil. Sakitləşir əsəbləri.

- Uzadılan əli geri çevirmisinizmi?

- Bacardığım qədər yox. Mənə uzanan əli, imkanım yetən qədər geri qaytarmamışam. 

- Qulağınızdan hansı sözü sırğa olaraq asmısınız?

- Qulağımdan çox sırğalar asmışam, çox insana şans vermişəm bu həyatda. Həyat bir də geri qayıtmış olsaydı, buraxdığım səhvləri etməzdim. Mən o insanlara şans verdim. Bir pilləkən yuxarı qalxmaqları üçün onlara dəstək oldum. Əvəzində isə...

- Ən böyük səhviniz nə olub?

- Səhv deməzdim, günahlarım olub. Çalışıram ki, səhvlər buraxmayım. Mənə elə gəlir ki, səhvsiz bir Allahdır. Səhvsiz, ideal insan yoxdur. Yəqin, özümə görə az da olsa səhvlərim var.

- Gözünüzün içinə dik baxa bilməyən insan varmı?

- Çoxdur elələri. Mənim gözlərim çox qorxuludu, hər adam baxa bilməz. Təsir etdiyim insanlar da var. Təsirə düşmək yoxdur məndə. Heç kimin təsiri altına düşmürəm. Birdə görürsən bir jurnalist zəng edir ki, sizin haqqınızda filan şey yazıblar. Deyirəm, məndə internet yoxdur. Çatım, oxuyum görüm mənim haqqımda nə yazıblar. Sonra mən bu nömrəyə zəng edib cavablandıraram sizi. O məlumat haqqında anlayışım olmadan heç nə demirəm ona. 

- Gözünüzdən pərdə asmaq istəyənlər bəs necə?

- Gözümdən pərdə asmaq istəyənlər də az deyil. Gözümdən pərdə asmaq istəyən insanlar mənim qarşımda özünü aldadır. Mən o insanların daxilini görürəm və ona görə məni aldada bilmirlər. Mənə elə bir vergi verilib ki, mən o insanların pisliyini görürəm. Aldadan olub məni. Mən o insana qulaq asmışam. Bilmişəm məni aldadır, amma onun üzünə vurmamışam. Hörmətim olduğuna görə deməmişəm ki, sən məni aldatdın.

- Bəzən başa sala bilmirsiniz, ya başa düşmürlər?

- Başa sala bilmirəm. Bəlkə də, başa düşmək istəmirlər.


Xəbərə aid fotolar