Azərbaycanda “Dollar” əkib kilosunu 10 qəpiyə satanlar…


Digərləri 18 Avq 2018 16:37:00 301 0

Azərbaycanda “Dollar” əkib kilosunu 10 qəpiyə satanlar…

Hazırda Azərbaycanda bir sıra kənd təsərrüfatı məhsullarının yığımı mövsümüdür. Ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi üçün son illərdə həyata keçirilən islahatların, dövlət proqramlarının, yeni  kənd təsərrüfatı texnikalarının alınması və s. görülən işlər öz bəhrəsini verir. Bu baxımdan xüsusən tərəvəzçilikdə məhsul bolluğu yaşanır.

Məhsul bolluğu isə həm də ucuzluqdur. Ötən il soğan və sarımsağın birdən-birə bahalaşması səbəbindən kəndli-fermerlər bu tərəvəzə daha çox meylləndilər, nəticədə soğan və sarımsaq əkini kəskin artdı. Nəticədə bolluq yarandı və deyəsən fermerlər gözlədikləri yüksək gəliri əldə edə bilməyəcəklər.

Son.az bildirir ki, virtualaz.org bu mövsümdə Azərbaycanda soğan istehsalı ilə bağlı vəziyyəti araşdırıb və bəlli olub ki, əlverişli hava şəraitindən məhsul bol, çəkilən xərc isə ötən ilə nisbətən az olub. Ona görə də  əksər rayonlarda yığılan məhsul artıq satılıb.

Xərci az, qazancı ikiqat artıq oldu.

Lənkəranlı fermer Aydın Calalov deyir  ki, ötən il alıcı tapmaqda çətinlik çəkdiyindən bu il cəmi 1,2 hektar sahədə soğan əkib. Bir kiloqram qırmızı soğanın mayasıı 20-25 qəpiyə başa gəlib, məhsulu 50 qəpikdən sata bilib. (Hazırda Bakı bazarlarında qırmızı soğanın 1 kiloqramının parakəndə satış qiyməti 1 manata yaxındır-müəl.) Fermer deyir ki, cənub bölgəsində əsasən qırmızı soğan, yəni "Sabir" sortuna üstünlük verirlər. Çünki həm yerli, həm də Rusiya bazarında qırmızı soğana təlabat var, üstəlik  nisbətən bahadır.

"Digər məhsullardan fərqli olaraq havanın günəşli keçməsi xərcləri  azaldır. Belə olduqda məhsulu 40-45 qəpiyə də satmaq sərf edir",- Calalov deyib.

1 hektar ərazidə əkin üçün təxminən 8 kiloqram toxum lazımdır, "Sabir" sortunun toxumunun 1 kiloqramı isə 50 manatadır. Fermer xərclərini açıqlayır, deyir ki, torpağı şumlamaq üçün 50 manat, torpağın üstünün daranmasına 25 manat ödəyib,  xəstəliklə mübarizə xərcləri də o qədər yüksək olmayıb. Soğanın maya dəyərinə təsir edən, yəni əsas xərc alağın təmizlənməsinə gedir. Yağmurlu hava şəraitində ay boyu 1 hektar sahəni 10-12 fəhlə təmizləyir, hər birinə gündəlik 7-8 manat ödənilir.

"Hava günəşli olanda işçi xərci azalır, yağmurlu olanda isə məhsul bol olur. Xərcin az, məhsulun bol olması üçün  suvarma sisteminin olamsı vacibdir"-lənkəranlı fermer deyir.

Həmsöhbətimiz bildirir ki, hazırda Lənkəran bazarında qırmızı soğanın parakəndə satış qiyməti  60-80 qəpikdir.

Bərdədə hamı soğan, sarımsaq əkib...

Azərbaycanda soğanın əsas "vətəni" sayılan Bərdədə isə bu 638 hektar sahədə soğan, 100 hektar sahədə sarımsaq əkilib və hər hektardan 50-70 kiloqram arası soğan yığılıb. Nəticədə məhsul bolluğu qiymətlərə təsir edib, indi əksər kəndlilər  soğanın kiloqramını 10-15, sarımsağı isə 80 qəpikdən satmağa çalışır.

Bərdə rayon Kənd Təsərrüfatı İdarəsindən etiraf edirlər ki, mütəxəssislərin hansı məhsulun əkilməsinin daha sərfli ola biləcəyi, əkin planlaşdırması ilə bağlı tövsiyələrinə əməl edənlər azdır. Hansısa məhsul baha olanda, növbəti ildə hamı kütləvi şəkildə həmin məhsuldan əkir, nəticədə gözlədikləri qazancı əldə edə bilmirlər.