Almaniya mətbuatı 12 yaşlı Fatimədən yazdı


Dünya 18 Avq 2018 15:00:00 252 0

Almaniya mətbuatı 12 yaşlı Fatimədən yazdı

Almaniyanın ən bacarıqlı, dərslərində yüksək nəticə əldə etmiş 20 nümunəvi məktəblisi Braunşveiq Kosmik Tədqiqatlar Mərkəzində olublar.

Son.az Qaynarinfo-ya istinadən xəbər verir ki, ekskursiyaya Aşağı Saksoniya əyalətindən qatılan 4 məktəblidən biri də 12 yaşlı həmyerlimiz Fatimə Cəfərova olub. Məktəblilər mərkəzin rabitə otağından Beynəlxalq Kosmik Stansiyada çalışan 42 yaşlı alman kosmonavtı Aleksandr Gerst ilə birbaşa rabitə əlaqəsi quraraq, 8 dəqiqə ərazində ona müxtəlif suallar ünvanlayıblar.

Bu haqda Almaniyanın bir çox mətbu orqanları, o cümlədən məşhur "Bild" nəşri, "RTLNord" televiziya və yayım şirkəti, "RegionalGifhorn", "Nrd.de", "Ardmediathek.de" xəbər saytları məlumat veriblər.

Həmyerlimiz Fatimə Cəfərova kosmonavta, "Bitkilərin kosmosda, yaxud Marsda becərilməsi mümkündürmü?", sualını ünvanlayıb.

Kosmonavt sualına görə Fatiməyə təşəkkür edərək, belə cavab verib: "Kosmosda bildiyiniz kimi çəkisizlik mühiti olduğundan, biz stansiyada bitkilərin inkişafını tədqiq edirik ki, sonra onu Marsda becərə bilək".

Daha sonra Fatimə Kosmik Tədqiqatlar Mərkəzində yaşadığı təəssüratları barədə danışıb: "Adım Fatimədir, 12 yaşım var, azərbaycanlıyam. Bu, mənim üçün qeyri-adi bir hadisə idi. Kosmonavt Aleksandr Gerstlə birbaşa əlaqə qurduğum və öz sualımı ona verdiyim üçün çox çox sevincliyəm. Sağ olsun ki, kosmonavt Aleksandr Gerst verdiyim sualı ətraflı cavablandırdı. Ona kosmosdakı fəaliyyətində uğurlar arzu edirəm".