Əhalinin ən çox istifadə etdiyi nəqliyyat vasitələri


Digərləri 17 Avq 2018 21:10:00 526 0

Əhalinin ən çox istifadə etdiyi nəqliyyat vasitələri

2018-ci ilin yanvar-iyul ayları ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 127,6 milyon ton yük daşınıb və 2017-ci ilin müvafiq dövrünə nisbətən 1,2 faiz artım müşahidə olunub.

Son.az Trend-ə istinadən bildirir ki, yüklərin 3,9 faizi dəniz, 6,2 faizi dəmir yolu, 0,1 faizi hava, 63,5 faizi avtomobil nəqliyyatı, 26,3 faizi isə boru kəməri ilə daşınıb.

2018-ci ilin yanvar-iyul aylarında nəqliyyatçılar 1 milyard 100,8 milyon nəfərə və ya 2017-ci ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,5 faizi avtomobil nəqliyyatı, 12,3 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Dəmir yolu nəqliyyatı ilə 2018-ci ilin yanvar-iyul ayları ərzində 7,9 milyon ton yük, 1 milyon 505,2 min sərnişin daşınıb, 2017-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 4,3 faiz azalma, sərnişin daşınmasında isə 6,2 faiz artım müşahidə olunub.

Dəniz nəqliyyatı ilə 2018-ci ilin yanvar-iyul aylarında daşınmış yüklərin həcmi 4 milyon 975,6 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,0 faiz artıb. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2017-ci ilin müvafiq dövrünə nisbətən 18,0 faiz azalaraq 9,1 min nəfər olub.