Startapçılara qrantlar təqdim olunub


Digərləri 17 Avq 2018 17:00:00 242 0

Startapçılara qrantlar təqdim olunub

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun keçirdiyi 6-cı qrant müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Bakı. Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun keçirdiyi 6-cı qrant müsabiqəsinin qalibləri mükafatlandırılıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir Ramin Quluzadə tərəfindən qrantlar sahiblərinə təqdim olunub. Fondun Müşahidə Şurasının qərarı ilə Çingiz Rəhimovun “Virtual cərrahiyyə” (29 000 AZN), Röyal Əmrahovun “Məktəbə hazıram” (16 000 AZN), Samir Həbiblinin “Sletti” (15 000 AZN), Çingiz Mehbalıyevin “www.joinb2b.com” (14 000 AZN), Namiq Qədirovun “Ağıllı oyuncaqlar” (11 000 AZN) layihələri qrant müsabiqəsinin qalibi elan edilib. Nazirliyin Yüksək Texnologiyalar Parkında keçirilən mərasimdə çıxış edən R.Quluzadə bildirib ki, ölkəmizdə innovativ ideyalara, intellektual sahibkarlıq subyektlərinə və startapçılara daim diqqət və dəstək göstərilir. Bunun nəticəsi olaraq, son illərdə Azərbaycanın startap ekosistemi daha da inkişaf edib və artıq qlobal bazara çıxa biləcək layihələr formalaşıb. Nazir qeyd edib ki, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun keçirdiyi qrant müsabiqələrində 100-dən artıq layihə dövlət tərəfindən maliyyələşdirilib: “Fondun bu günə qədər keçirdiyi 6 qrant müsabiqəsinə təqdim olunmuş 903 innovativ və tətbiqi elmi-texniki layihədən 117-nə qrant ayrılıb. İcrası yekunlaşdırılmış layihələrdən 20-si kommersiyalaşdırılıb və fəaliyyətini davam etdirərək bazarda öz yerini tutub. Hesab edirəm ki, Fond tәrәfindәn verilәn qrantlar startapçıların şəxsi bizneslәrinin qurulmasında əvәzsiz rola malikdir”. Eyni zamanda nazir Yüksək Texnologiyalar Parkının İnkubasiya Mərkəzində rezident olan startapçılar üçün xüsusi sərfəli şərtlərlə münbit şərait yaradıldığını vurğulayıb: “Startap ekosisteminin formalaşdırılmasının ən vacib elementlərindən biri investisiya qoyuluşudur. Bu günədək ölkəmizdə startaplar, əsasən, dövlət tərəfindən maliyyələşdirilib. Hesab edirəm ki, bu sahədə özəl sektorun rolunun artırılmasının vaxtı gəlib çatıb. Yaxın vaxtlarda startapların maliyyələşdirilməsi üçün potensial investorları bir araya toplayacağıq. Yəqin ki, bu, İnvestorlar Klubu formatında bir təşkilat olacaq. Ümumiyyətlə, biz çalışırıq ki, startapçılarımız alternativ maliyyə mənbələrinin axtarışında olsunlar”. Nazir, həmçinin qeyd edib ki, bu cür tədbirlərin həyata keçirilməsində əsas məqsəd innovativ sahibkarlıq fəaliyyətini dəstəkləmək, intellektual biznes, innovasiya və elmi-tədqiqat layihələrini stimullaşdırmaq, müasir infrastrukturun inkişafına təkan vermək, kiçik və orta sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərmək, eləcə də bu sahəyə yerli və xarici investisiyaları cəlb etməkdən ibarətdir.