Gəncədə törədilən terror aktı ilə bağlı RƏSMİ MƏLUMAT


Digərləri 17 Avq 2018 16:50:00 310 0

Gəncədə törədilən terror aktı ilə bağlı RƏSMİ MƏLUMAT

Gəncədə radikal şəxslərdən silah-sursat tapılıb.

Son.az bildirir ki, DİN-dən Trend-ə verilən məlumata görə, xəbər verildiyi kimi, 2018-ci il iyul ayının 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılır.

Davam etdirilən prosessual araşdırmalar və əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilmişdir ki, iyul ayının 3-də törədilmiş cinayətin icraçısı, hazırda həbsdə olan Yunis Səfərov yaxın münasibətdə olduğu Eldar Orucov, Azər Əliyev, Mahir Əzizov ilə birlikdə Azərbaycanda şəriət qaydaları ilə idarə edilən dövlət qurmaq niyyəti ilə hökumət orqanlarına qarşı partizan müharibəsi aparmaq qərarına gəlmişlər. Bu məqsədlə onlar 2012-ci ildə xarici ölkələrdən birində döyüş təlimi keçmiş və həmin ilin yaz aylarında Gəncə şəhərinə gələrək şəhər sakini, hazırda həbsdə olan Hamlet Abdullayevdən 1 ədəd "Kalaşnikov" markalı avtomat silah və 1 ədəd "Makarov" markalı tapança almışlar. Lakin həmin dövrdə planlaşdırdıqları cinayətkar əməllər baş tutmadığından silahları Hamlet Abdullayevə qaytarıb ölkəni tərk etmişlər.

Dini radikalizmə meylli Hamlet Abdullayev həmin silahları və "Marqulin" markalı daha 1 ədəd tapançanı onunla eyni radikal dini baxışları bölüşən və 2018-ci il iyulun 21-də keçirilmiş xüsusi əməliyyat zamanı silahlı müqavimət göstərdiyinə görə məhv edilmiş Anar Bağırovla birgə Gəncə şəhər sakini Pərviz Bayramovdan və 2015-ci ildə avtomobil qəzasında ölmüş Məhəmməd Əzizovdan 500 manata almışdır.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov həmin silahları müvəqqəti qaytardıqdan sonra Hamlet Abdullayev "Makarov" tapançasını pul müqabilində Pərviz Bayramova və "Kalaşnikov" avtomatını dayısı, Gəncə şəhər sakini Aydın Qurbanova vermiş, "Marqulin" markalı tapança isə Anar Bağırovda qalmışdır.