Hərbi Prokurorluq: Əsgər ölümünə görə 3 nəfər həbs edildi


Digərləri 17 Avq 2018 09:42:00 215 0

Hərbi Prokurorluq: Əsgər ölümünə görə 3 nəfər həbs edildi

Əsgər ölümünə görə 3 nəfər həbs edilib

Bakı. 8 avqust 2018-ci il tarixdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsindən Qarabağ hərbi prokurorluğuna həmin hərbi hissənin əsgəri Fəhmin Əbilovun avtomat silahdan atəş açaraq özünü öldürməsi barədə məlumat daxil olub. Hərbi Prokurorluqdan Trend-ə verilən məlumata görə, məlumat əsasında Qarabağ hərbi prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, şahidlərin dairəsi müəyyən edilərək izahatları alınıb. Silahlı Qüvvələrin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya (MTE və PA) Mərkəzi tərəfindən meyitin müayinəsi aparılıb. Qarabağ hərbi prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Zərərçəkmiş şəxsin valideynləri və yaxın qohumları tərəfindən Silahlı Qüvvələrin MTE və PA Mərkəzində aparılmış müayinənin obyektivliyi şübhə altına alındığından, cinayət işinin istintaqı Azərbaycan Respublikası Baş Prokurorluğunun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülərək işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məqsədi ilə istintaqın davam etdirilməsi Respublika Hərbi prokurorunun müavininə tapşırılıb və istintaq qrupu yaradılaraq hadisənin baş verdiyi hərbi hissəyə ezam olunub. Avqustun 9-da Səhiyyə Nazirliyinin MTE və PA Elmi-Təcrübi Tədris Birliyində təcrübəli ekspertlər tərəfindən mərhumun yaxın qohumlarının iştirakı ilə meyitin təkrar müayinəsi aparılıb.