İşə qəbul olmaq istəyən müəllimlərə


Digərləri 16 Avq 2018 21:17:00 244 0

İşə qəbul olmaq istəyən müəllimlərə

Vakant yerdən imtina ərizəsi yazmayan müəllimlər növbəti yerləşdirmədə iştirak hüququnu itirəcəklər

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə vakant yerlərdə yerləşdirilən, lakin sonradan orada işləmək istəməyən və buna görə imtina ərizəsi yazmayan şəxslər növbəti yerləşdirmədə iştirak hüququnu itirmiş olacaqlar.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə deyib.

Onun sözlərinə görə, müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya mərhələsində iştirak edərək vakant yerləri tutan və müsahibə mərhələsində işə qəbuluna razılıq verilən namizədlər həmin yerlərdə işləmək istəmədikləri zaman imtina ərizəsi yazmalıdırlar:

"Belə namizədlərlə bağlı müəyyən bir müddət var. Həmin şəxslərdən xahiş edirik ki, düşdükləri vakansiyada işləmək istəməyəcəkləri təqdirdə avqustun 28-dək İnsan Resursları Mərkəzinə gələrək imtina ərizəsini yazsınlar. Bununla da biz bilək ki, hansı namizəd düşdüyü yerdən imtina edir. Vakansiyanı tutan, lakin həmin yerdə işləmək istəməyən şəxslər növbəti yerləşdirmədə iştirak hüququnu itirmiş olacaqlar. Bu addım sanksiya xarakterli deyil və cəzalandırma da hesab oluna bilməz. Sadəcə olaraq, məsələnin texniki tərəfi də var. Bu da ondan ibarətdir ki, vakant yerlərə yerləşdirilmiş şəxslər mərkəz tərəfindən işə qəbul olunmuş hesab edilirlər. Ona görə də onlar növbəti yerləşdirmədə iştirak etməyəcəklər. Bu səbəbdən müəllimlər bu məqamı xüsusi diqqətdə saxlasınlar".