Türkiyənin Adnan Menderes Universitetinin təmsilçiləri Bilik Fondunda olublar


Digərləri 14 Avq 2018 19:20:05 189 0

Türkiyənin Adnan Menderes Universitetinin təmsilçiləri Bilik Fondunda olublar

Qonaqlar Fondun icraçı direktoru Oktay Səmədov və əməkdaşlarla görüşüblər.

Bakı. Milli Məclisin üzvü Sona Əliyevanın müşayiəti ilə Türkiyənin Adnan Menderes Universiteti Tibb fakültəsinin dekanı, professor Serpil Dəmirağ, Adnan Menderes Xəstəxanasının müdiri, fakültə katibi Oktay Paşa və fakültənin dekan köməkçisi Bekir Dağlı Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olublar. Bilik Fondundan Trend-ə verilən məlumata görə, qonaqlar Fondun icraçı direktoru Oktay Səmədov və əməkdaşlarla görüşüblər. O.Səmədov türkiyəli qonaqları Fondda görməkdən məmnunluq hissi duyduğunu deyərək, rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə geniş məlumat verib. Bildirib ki, Bilik Fondu bütün sahələr üzrə əhalinin maarifləndirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilir. Bu tədbirlər maarifləndirici proqramlar əsasında hazırlanan layihələr vasitəsilə gerçəkləşir. İcraçı direktor Fondun xüsusən “Tibbi maarifləndirmə” proqramından söz açaraq, qeyd edib ki, müxtəlif dövlət və özəl qurumlarla əməkdaşlıq çərçivəsində mühüm layihələrə imza atılıb. Fondun "Dünya elmi Azərbaycanda", "Azərbaycan elmi dünyada" layihələrinin mahiyyətindən danışan O.Səmədov yerli alim və mütəxəssislərlə yanaşı, xarici elm adamları ilə səmərəli əməkdaşlıq qurulduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycanda tibbi sahədə sürətli inkişaf gedir və belə bir dönəmdə xarici mütəxəssislərin yerli əhali ilə təmaslarına böyük ehtiyac var. Xüsusən Azərbaycan və Türkiyənin tibbi sahədə qabaqcıl təcrübəsindən qarşılıqlı şəkildə yararlanmaq məqsədəuyğundur. Bilik Fondu Adnan Menderes Universitetinin və onun nəzdində fəaliyyət göstərən tibb müəssisəsinin imkanlarından istifadə etməyə hazırdır, bu qurumların alim və mütəxəssislərini mütəmadi olaraq mühazirələrə, görüşlərə, konfranslara cəlb edə bilər. İcraçı direktor Adnan Menderes Universiteti ilə Bilik Fondu arasında əməkdaşlıq sazişi imzalanmasının mümkünlüyünü diqqətə çatdırıb.