ABŞın məşhur radioproqramı Azərbaycan ilə bağlı silsilə verilişlər yayımlayıb


Dünya 12 Avq 2018 11:13:00 280 0

ABŞın məşhur radioproqramı Azərbaycan ilə bağlı silsilə verilişlər yayımlayıb

Amerika və dünyada çoxmilyonlu auditoriyası olan, Nyu-York şəhərində yayımlanan məşhur "Con Batçelor Şou" radioproqramının rəhbəri Con Batçelor 29 iyul - 4 avqust tarixlərində ölkəmizin Bakı, Naftalan, Tərtər və Gəncə şəhərlərində səfərdə olub və bu regionlardan canlı yayıma qoşulub.

Xatırladaq ki, "Con Batçelor Şou" ölkə üzrə 183 radio stansiyanı əhatə etməklə 2.7 milyon dinləyiciyə malikdir. Şou ABŞ-ın Nyu-York, Çikaqo, Filadelfiya, Dallas, San-Fransisko, Vaşinqton və Boston şəhərlərində yerləşən ən nüfuzlu stansiyalarda yayımlanır. Ümumilikdə, "Con Batçelor Şou" dünyanın 190 ölkəsində dinlənilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycandan canlı yayıma çıxan "Con Batçelor Şou"da radioproqramın rəhbəri yalnız ölkəmizlə deyil, verilişin formatına uyğun olaraq ümumi məsələlərə də proqramında yer verib. Məsələn, iqtisadiyyat və beynəlxalq məsələlərin müzakirəsi zamanı onun proqramına ABŞ Prezidenti Donald Trampın iqtisadiyyat məsələləri üzrə köməkçisi Larri Kudlov və administrasiya ilə yaxın münasibətlərdə olan digər nüfuzlu ictimai xadimlər qoşulublar.

Ümumiyyətlə, həftə ərzində 7 saata yaxın canlı yayımlanan proqramda 10-a yaxın müsahibə yer alıb. Böyük auditoriyaya malik olan radioproqramda C.Batçelorun öz izləyiciləri ilə intensiv şəkildə Azərbaycanla bağlı məlumatlar paylaşması sosial media şəbəkələrində də böyük marağa və əks-sədaya səbəb olub.

C.Batçelorun Bakı, Naftalan, Tərtər və Gəncə şəhərlərinə səfərlərində və onun gündəlik yayımlanan canlı proqramında qonaq qismində Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov iştirak edib.

Canlı yayımın ilk günü Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədən başlayıb. Proqramda şəhərin geostrateji əhəmiyyəti haqqında danışılıb. C.Batçelor Xəzər və Qara dəniz arasında yerləşən Gəncə şəhərinin strateji dəhliz olduğunu vurğulayıb.

Proqramda səfir E.Süleymanov Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı roldan danışaraq, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən neft və qaz layihələri barəsində məlumat verib. Həmçinin diplomat 100 il əvvəl Azərbaycanda müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin elan edildiyini və ABŞ-dan daha əvvəl qadınlara səsvermə hüququnun tanındığını qeyd edib.

Daha sonra canlı yayıma qatılan amerikalı siyasətçi Tadus MakKotter ilə müzakirə zamanı E.Süleymanov Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın latın əlifbasına qayıdan ilk ölkələrdən biri olduğunu bildirib. Ümumilikdə isə Azərbaycanın müsəlman dünyasında ərəb əlifbasından latın əlifbasına keçən ilk ölkə olduğunu qeyd edən səfir vurğulayıb ki, müstəqilliyin bərpasından sonra latın əlifbasına keçilməsinin Azərbaycanın bir daha dünyəvi və dünyaya açıq dövlət olduğunu göstərir.

Regionun təhlükəsizliyindən söz açarkən səfir qeyd edib ki, işğalçı Ermənistan istisna olmaqla bütün qonşularla və tərəfdaşlarla, o cümlədən Azərbaycanın ən yaxın tərəfdaşı olan ABŞ və Avropa İttifaqı ölkələri ilə güclü əlaqələrin qurulması prioritet məsələlərdən biridir.

Canlı yayım zamanı səfir E.Süleymanov Azərbaycanın apardığı siyasətin bütövlükdə regionun inkişafında, bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynadığını vurğulayıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə iyirmi beş ildən çox aparılan danışıqların heç bir nəticə vermədiyi, eləcə də Ermənistanın özünün işğalçı siyasəti ilə beynəlxalq və regional nəqliyyat, enerji layihələrindən kənarda qaldığı bildirilib.

Naftalana səfəri zamanı C.Batçelor bu şəhərin müalicəvi turizm sahəsində geniş təcrübəsi, o cümlədən dünyada bənzərsiz xüsusi növ neftlə müalicə üsulları barədə məlumat toplayıb. Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimovla görüşən C.Batçelor şəhər barədə ətraflı məlumat alıb, şəhərdə aparılan yenidənqurma işləri və Naftalanın turizm potensialı ilə tanış olub. Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün ölkə ərazisində, o cümlədən Naftalanda böyük quruculuq, yenidənqurma işləri aparılır, müxtəlif sahələri əhatə edən layihələr icra olunur.

Dünya standartlarına cavab verən Qarabağ İstirahət və Müalicə Mərkəzinə gedən C.Batçelor burada ixtisaslı həkim heyəti ilə görüşüb, neftlə müalicə prosedurları ilə əyani tanış olub. Gördüklərindən mütəəssir olan C.Batçelor Naftalan, onun unikal xüsusiyyətlərini və müalicəvi turizmi barədə proqram hazırlayıb və gündəlik radioproqramda yayımını həyata keçirib.

İyulun 31-də Tərtərə səfər edən C.Batçelor bu rayonda aparılan quruculuq işləri və cəbhə xəttindəki vəziyyətlə tanış olub, o cümlədən burada Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı törədilən təxribatlara dair yerində məlumat alıb. Şıxarx və Qapanlı kəndinə səfər edən C.Batçelor rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hərbi birlik komandiri, general-mayor Hikmət Həsənov, yerli sakinlərlə görüşüb və cəbhə xəttini müşahidə postundan izləyib. Yerli rəsmilərdən aldığı müsahibələri öz gündəlik proqramında yayımlayan C.Batçelor Tərtər rayonunda müşahidə etdikləri barədə öz dinləyicilərinə məlumat verib.

Ermənistan tərəfindən Sərsəng Su Anbarından yayda su buraxılışının dayandırılmasını, qışda isə daşqınlar yaradılmasını Azərbaycan, xüsusilə də Tərtər və ətraf rayonların yerli əhalisinə və ətraf mühitə qarşı müharibə kimi xarakterizə edən C.Batçelor bunu "ekoloji terror" və hərbi cinayət adlandırıb.

Şəhər icra hakimiyyəti başçısının birinci müavini Elnur Rzayevlə görüşən C.Batçelora Gəncədə həyata keçirilən böyük quruculuq və inkişaf layihələri barədə məlumat verilib. Habelə söhbət zamanı kənar qüvvələrin şəhərdə təxribat və terror cəhdlərinin qarşısının alınması və görülən işlər barədə müzakirələr aparılıb.