Sərnişinlərə şad xəbər Müasir və komfortlu


Digərləri 09 Avq 2018 21:23:00 301 0

Sərnişinlərə şad xəbər  Müasir və komfortlu

Yeni avtobusların alınıb gətirilməsi bütün marşrut şəbəkəsi üzrə avtobuslar yenilənənədək davam edəcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.

O bildirib ki, "Bakı şəhərində avtobus parkının yenilənməsi haqqında" Azərbaycan Prezidentinin 2018-ci il 8 avqust tarixli Sərəncamı ilk öncə dövlətin vətəndaşa olan xüsusi diqqət və qayğısının növbəti təzahürü kimi dəyərləndirilməlidir. Sərəncamda da vurğulandığı kimi, Bakı şəhərinin ictimai nəqliyyatında göstərilən xidmətlərin həm təhlükəsizlik, həm də keyfiyyət nöqteyi-nəzərindən qabaqcıl dünya standartlarına çatdırılması məqsədilə sərnişinlərin avtobus nəqliyyatından təhlükəsiz və rahat istifadəsinin təşkili üçün avtobus parkının yenilənməsi daim diqqət mərkəzindədir. Son 3 ildə orta və iri tutumlu 300-dən çox müasir sərnişindaşıyan avtobus alınaraq Bakı şəhərinin marşrut şəbəkəsində istismara buraxılıb: "Dövlət başçısının müvafiq sərəncamı bu istiqamətdə işlərin davam etdirilməsi baxımından olduqca əhəmiyyətlidir. Təbii ki, bu, Bakı Nəqliyyat Agentliyinin avtobus parkının yenilənməsi ilə bağlı başladığı işlərini daha da sürətləndirəcək".

M.Ağayev qeyd edib ki, iyunun 21-də müasir sərnişin avtobuslarının alınması ilə bağlı tender elan edilib. Tenderin nəticələrinə uyğun olaraq sərnişinlərin rahatlığı və təhlükəsizliyi baxımdan müəyyən edilən tələblərə cavab verən müasir və komfortlu avtobusların alınaraq paytaxtımıza gətirilməsi təmin ediləcək və həmin nəqliyyat vasitələri qanunvericiliyin tələbinə uyğun müsabiqə yolu ilə marşrut xətləri üzrə istismara buraxılacaq: "Bakı Nəqliyyat Agentliyi bütün müntəzəm marşrut xətlərinin müsabiqəyə çıxarılması ilə bağlı qərar qəbul edib. Əlbəttə ki, müsabiqəyə ilk olaraq sərnişinlərin daha çox narazılığına səbəb olan, fəaliyyətini sərnişindaşıma tələblərinə uyğun qurmayan, işində ciddi nöqsanlara yol verən, müasir avtobus parkına və peşəkar sürücü heyətinə sahib olmayan daşıyıcıların istismarında olan xətlər çıxarılacaq".


Xəbərə aid video