"Etibarın ağır cinayət törətdiyini bilirdim"


Digərləri 08 Avq 2018 17:26:00 218 0

"Etibarın ağır cinayət törətdiyini bilirdim"

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan olunub.

Penitensiar xidmətin keçmiş qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev, qarovul rəisinin digər müavini Tural Poladxanov, müğənni Fədayə Laçın, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyev, Aqil Nəcəfov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə, Tərlan Zeynalov özlərini ittihamlarda qismən təqsirli biliblər.

Penitensiar xidmətin Konvoy taborunun komandiri Bəhruz Abdullayevlə Anar Əsgərov isə özlərini təqsirli bilmədiklərini söyləyib.

Hakim bildirib ki, C.Səmədov, P. Hacıyev və T. Poladxanova qarşı irəli sürülən itihamlar sübuta yetirilərsə, onların hər birini 19 il həbs cəzası, Fədayə Laçını 6 il, Günay Atakişiyevanı isə 12 il həbs cəzası gözləyir.

Məhkəmə Ə.Ağamiyə sərbəst ifadə vermək üçün təklif edib. O, çıxışa hazır olmadığını, istintaqa ötən ilin noyabrında ifadə verdiyini vurğulayıb.

Daha sonra G.Atakişiyeva dindirilib. O, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirib.

G.Atakişiteva "Qoca" ləqəbli Etibar Məmmədovu rəfiqəsi Lalə vasitəsi ilə tanıyıb: "Lalə ilə yaxın münasibəti var idi "Qoca"nın. Mənə deyirdi ki, onunla sevgilidi. Daha sonra mən də onunla danışmağa başladım, 3 ay münasibətimiz olub. Etibarın ağır cinayət törətdiyini bilirdim. 3 ayda 2 dəfə görüşmüşəm. Açarı Etibara mən verməmişəm. Aqil mənə onun paltarları olan çantanı verdi ki, Etibara çatdırım. Çantanı qatarın girişində Ceyhun məndən aldı, mənim çantamı yoxlayıb içəri buraxdı. Dedi ki, çantanı Etibara özü verəcək. Açarın çantada olmasını bilməmişəm. Aqillə Etibarın danışığında iştirak etməmişəm. Mən Biləcəridə qatara mindim, gecəni Etibarla qaldım. Mən Etibarla görüşəndə Ceyhun məndən aldığı çanta artıq Etibarda idi. Lənkəranda məni qatardan düşəndə Aqil qarşıladı. Onun maşını ilə Bakıya qayıtdım. Bakıda Aqillə mən Etibarı Biləcəridə qarşılayıb getdik Lökbatana. Lökbatandan isə Hökməliyə Fərhadgilə gəldik. Mən ordan Sumqayıta evimizə gəldim. Sonradan Etibar da gəldi bizə, gecəni bizdə qaldıq. Taksi sürücüsü tanışım var idi, onu çağırıb 150 manata danışdıq ki, bizi Ağstafaya aparsın və orda tutulduq".

G. Atakişiyev bildirib ki, əməlindən peşmandır.

Prosesdə təqsirləndirilən şəxs Əli Ağaminin ibtidai istintaqa verdiyi ifadə elan olunub.

İfadədə bildirilib: "Lənkərandan Bakıya qatarla gedərkən qatara minəndə Ceyhun Səmədov məni yoxlamadan vaqona daxil oldu. Gecə saatlarında Etibar mənim saxlandığım kameraya gələrək məni öz kamerasına çağırdı. Orda söhbət zamanı o mənə açarı göstərərək bildirdi ki, gecə qatardan qaçacaq. O mənə də qaçmağı təklif etdi. Bildirdi ki, sənə belə kömək edə bilərəm. Biz gecə Ceyhun Səmədovla görüşüb törətmədiyimiz cinayətə görə həbs olunduğumuzu bildirmişik. Səhər saat 05 radələrində Etibar açarla pəncərəni açdı. Qatar Biləcəri stansiyasına çatanda Etibar pəncərədən tullanıb qaçdı. Sonra da mən qaçdım və başqa istiqamətə getdim".

Ə. Ağəmi bildirib ki, ifadəsində Etibarla birlikdə C. Səmədovla görüşməsi yalandır: "Mən onların danışığında iştirak etməmişəm. Etibarla mən yola getmirdim. Çünki Etibara görə mən törətmədiyim cinayət üstündə həbs olunmuşam".