Psixoloji maarifləndirilmə sahəsində birgə fəaliyyətə imza atılıb (FOTO)


Digərləri 08 Avq 2018 12:07:34 392 0

Psixoloji maarifləndirilmə sahəsində birgə fəaliyyətə imza atılıb (FOTO)

Bilik Fondu ilə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb.

Bakı. Müasir dövrdə əhalinin psixoloji maarifləndirilməsi, insanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi və psixoloji sağlamlığının təmin edilməsi ilə bağlı intellektual-maarifçi fəaliyyətin həyata keçirilməsi, əhaliyə kompleks psixoloji, psixopedaqoji, loqopedik xidmət göstərilməsi maarifləndirici tədbirlərin təşkili ilə sağlam həyat tərzini təbliğ edən bir sıra qurumların birgə fəaliyyətini tələb edir. Avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb. Fonddan Trend-ə verilən məlumata görə, Mərkəzin “Gənclik” filialında keçirilmiş tədbirdə Bilik Fondunun icraçı direktoru, pedaqogika üzrə fəlsəfə doktoru Oktay Səmədov, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi və “Psixoloji Xidmət və Tədqiqatlar” İctimai Birliyinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Məmmədova, Fondun və Mərkəzin əməkdaşları iştirak ediblər. Tədbirdə Bilik Fondunun “Tibbi maarifləndirmə” proqramı çərçivəsində əhalinin psixoloji maarifləndirilməsi istiqamətində birgə fəaliyyət imkanları, gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Bilik Fondunun icraçı direktoru O.Səmədov bildirib ki, hər iki qurum ölkə əhalisinin humanitar biliklərinin artırılması və psixoloji maarifləndirilməsi məqsədi ilə təşkilati və təbliğat xarakterli birgə tədbirlər həyata keçirmək, alim, tədqiqatçı və mütəxəssisləri intellektual-maarifçi fəaliyyətə cəlb etmək, inkişaf etmiş ölkələrin bu sahədə əldə etdikləri nailiyyətlərlə tanış etmək, əhaliyə psixoloji, psixopedaqoji və loqopedik xidmətlər sahəsində aktual problemlərin tədqiqi və təhlili ilə bağlı birgə elmi-praktik konfranslar, seminarlar, dəyirmi masalar, diskussiya və disputlar keçirmək niyyətindədirlər.