Valideynlərin nəzərinə: Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır


Digərləri 07 Avq 2018 16:11:00 271 0

Valideynlərin nəzərinə: Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır

Avqustun 15-dən respublika üzrə ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır.

Bakı. Elçin Mehdiyev - Avqustun 15-dən respublika üzrə ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Naftalan şəhərlərində Abşeron, Yevlax, Samux rayonlarında yerləşən ümumtəhsil müəssisələri üzrə məktəbəhazırlıq qruplarına sənəd qəbulu elektron qaydada- mektebeqebul.edu.az saytı vasitəsi ilə həyata keçiriləcək. https://mektebeqebul.edu.az/az/ Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdir. Məktəbəhazırlıq qrupları üçün tələb olunan sənədlərə uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti (uşağın şəxsiyyət vəsiqəsi olmadığı halda doğum haqqında şəhadətnaməsi), uşağın mübadilə vərəqi (sağlamlıq haqqında arayış-forma 26U), 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil və məktəb direktorunun adına ərizə( qəbulu elektron sistem vasitəsilə həyata keçirilən rayon və şəhərlərdə valideynin (qanuni nümayəndənin) www.mektebeqebul.edu.az saytında yaradılmış “Şəxsi Kabinet”indən çap olunmuş “Ərizə” daxildir. Azərbaycanda vətəndaşlığı olmayanlardan isə əlavə olaraq müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi(olduğu təqdirdə), Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi, xarici doğum haqqında şəhadətnamə (Azərbaycan dilinə tərcümə olunmuş variantda) tələb olunur. Sənədlərin qəbulu sentyabrın sonunadək davam edəcək.